Rəsmi səfər çərçivəsində ölkəmizin başçısı Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səudla, Ticarət Palataları Şurasının sədri, neft və minerallar naziri, maliyyə naziri, İslam İnkişaf Bankı Qrupunun prezidenti ilə görüşlər keçirdi.
Kral Salman bin Əbdüləziz əl-Səud Prezident İlham Əliyevi hava limanında qarşıladı. Səudiyyə Ərəbistanı kralı çox nadir hallarda ölkəsinə səfər edən ali qonaqları birbaşa hava limanında qarşılayır. Ölkəmizin başçısının səfəri də bu cür nadir təntənə ilə müşayiət olundu.
Bəs bu səfərin və aparılan danışıqların arxasında dayanan məqamlar nədir?
İlk növbədə onu xatırladaq ki, Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının mustəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb. 24 fevral 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr yaranıb. Qarabağ münaqişəsində Azərbaycanın haqq işini dəstəkləyən Səudiyyə Ərəbistanı işğalçı siyasət yürüdən Ermənistan ilə diplomatik əlaqələr qurmayıb. Bütün beynəlxalq qurumlarda Azərbaycanın haqq işini dəstəkləyib.
Azərbaycanın Ərəbistan ilə diplomatik münasibətləri ilə yanaşı, iqtisadi əlaqələri də yüksələn xətt üzrə inkişaf edir. Əgər 2005-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyon dollar idisə, 2014-cü ildə bu rəqəm 34 milyon dollara qədər yüksəlib.
Yəni son 8 ildə Azərbaycanla Səudiyyə Ərəbistanı arasındaki ticarət dövriyyəsi təxminən 23 dəfə genişlənib.
Bundan sonra isə yaxın gələcəkdə ölkəmizə iri ərəb kapitalının axınını gözləməyə dəyər.
Milli.Az-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, Azərbaycanın Yaxın Şərq ölkələri ilə münasibətlərinin yaxşılaşması daha çox ölkəmizin qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi, bu sektorda investisiyaların şaxələndirilməsi, istehsalatda və ixracatda qeyri-neft sektorunun payının artırılması məqsədi daşıyır.
"Dünya bazarında neftin qiymətinin aşağı düşməsi fonunda qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi kifayət qədər aktuallaşıb. İndiki məqamda qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi ilə bağlı ərəb ölkələri kifayət qədər ciddi maliyyə imkanlarına malikdir. Onların mövcud maliyyə imkanları birmənalı şəkildə imkan yaradır ki, qeyri-neft sektoru üçün ölkəmiz Yaxın Şərq ölkələri ilə əməkdaşlığı gücləndirsin", - o əlavə edib.
Ekspertin sözlərinə görə, Səudiyyə Ərəbistanı həm iqtisadi, həm də siyasi baxımdan Yaxın Şərqdə aparıcı ölkədir. Bu ölkənin Azərbaycana investisiya yatırmaq maraqları da var.
"Səfər zamanı aparılan müzakirələr, görüşlərin formatı bir daha göstərir ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla Yaxın Şərq ölkələrinin Azərbaycana ciddi marağı var. Səudiyyə Ərəbistanının kralı çox nadir hallarda qonaqları hava limanında qəbul edir. Hava limanında Azərbaycan prezidentini qəbul etməsi ölkə başçısına olan hörmət və dəyərin göstəricisi idi. Eyni zamanda Səudiyyə Ərəbistanının Azərbaycana olan marağının göstəricisi idi. Səfər zamanı bütün məsələlərə diqqətlə yanaşılması ondan xəbər verir ki, Səudiyyə Ərəbistanı yaxın zamanlarda Azərbaycanın qeyri-neft sektorunda əsas tərəfdaşlarından biri olacaq", - V.Bayramov vurğulayıb.
Onun sözlərinə görə, yekun olaraq qeyri-neft sektorunun inkişaf etdiyi neft ölkəsi olan Azərbaycan modeli yaratmaq əsas hədəfdir.
Teymur Hacıyev
Milli.Az