Azərbaycan Milli Kitabxanasının (AMK) region kitabxanaları üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış sistemi, AMK-in elektron bazası bütün mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) üçün açıqdır.
 
AMK-in direktoru, professor Kərim Tahirov bu fikri altı rayon - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı üzrə keçirilən kitabxana mütəxəssislərinin zona müşavirəsində bildirib.
 
Professor regionların elektron resurs sorğularını tam və dolğun ödəmək imkanını önə çəksə də, bu xidmətlərdən yalnız bir neçə rayon MKS-nin yararlandığını qeyd edib. Müşavirədə “Ultra” şirkətinin əməkdaşları tərəfindən “ALİSA” sistemi də təqdim olunub.
 
 
Qeyd edək ki, “ALİSA” vahid elektron kitabxana sisteminin əsas üstünlüklərinə vahid mərkəzləşdirilmiş kitabxana sistemi; ən son texnologiyaların tətbiqi ilə hazırlanmış tam təhlükəsizliyi təmin olunmuş proqram təminatı; nəşrlərin elektron versiyaya keçirilməsi - Elektron Kitabxananın yaradılması; MEK vahid kitabxana sisteminin dünyada qəbul edilmiş MARC21 standartı üzərindən yaradılması; digər yerli və dünya kitabxana sistemləri ilə inteqrasiyanın mümkünlüyü; elektron kataloq; oxucu qeydiyyatı işinin sadələşdirilməsi və tam avtomatlaşdırılması; vahid oxucu bileti – smart card; kitabverilişi prosesinin sadələşdirilməsi və tam avtomatlaşdırılması; ətraflı axtarış sistemi; MEK portalın təkmilləşdirilməsi; MEK şəbəkəsinə daxil bütün kitabxanaların vahid portal daxilində səhifələrinin yaradılması; onlayn əməliyyatlar; onlayn axtarış; onlayn sifariş; onlayn rezervasiya daxildir.
 
Həmçinin sistemin imkanlarına sistem üzrə kitabxana işi ilə əlaqədar bütün növ statistika və hesabatların əldə olunması imkanı; icazələrin rollara müvafiq idarə edilməsi; mövcud kataloqların retrokonversiyası vasitəsilə saysız-hesabsız kartotekaların və kartların müasir “touch screen” monitorlarda daha kompakt və təhlükəsiz toplanması və retrokonversiya sistemi daxilində kart axtarışı imkanı; elektron növbə sisteminin yaradılması vasitəsilə oxucu sifarişi statusunun operativ şəkildə oxucuya çatdırılması; MEK muzey kolleksiyalarının vahid verilənlər bazası vasitəsilə bütün kolleksiya məlumatları kataloqunun yaradılması; MEK kitab mağazası üçün həll vasitəsilə alqı-satqı işinin avtomatlaşdırılması və sadələşdirilməsi, “ALISA” proqram təminatının kitabxana təhlükəsizlik sistemi ilə inteqrasiyası, müasir kitabxana modelini yaratmaq üçün müxtəlif avadanlıqların “ALISA” sistemi ilə inteqrasiyası; elektron növbə sisteminin ALISA sistemi ilə inteqrasiyası daxildir.
 
 
Həqiqət İSABALAYEVA