Bakı, 11 aprel, AZƏRTAC
Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi “Cənub” qaz dəhlizinin önəmli hissəsidir. Azərbaycan TANAP layihəsinin icrasında əsas, yəni, səhmdar kimi fəaliyyət göstərir. Artıq işlər başlayır və hesab edirəm ki, Azərbaycan qazı -“Şahdəniz-2”dən çıxarılacaq qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
Ölkə başçısı bildirib ki, “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi də icra edilməlidir. Hesab edirəm ki, TAP layihəsinin icrası üçün bəzi hallarda yaradılan süni maneələr aradan qaldırılacaq və Avropa ölkələri, bu layihədə iştirak edən ölkələr və Avropa İttifaqı bu məsələləri özləri həll edəcəkdir. Hər halda Azərbaycan və Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün vəzifələri vaxtında yerinə yetirəcək.