[ 10 Aprel 2015 17:22 ]
Bakı. Könül Kamilqızı – APA. "Bu il dağ çaylarında qar ehtiyatı az olduğundan daşqın probleminin olması gözlənilmir".
AMEA Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, daşqın olması üçün Türkiyənin Anadolu yaylasında, Gürcüstanda böyük qar örtüyü yığılmalıdır. E.Əlizadə bildirib ki, türk və gürcü mütəxəssislərin sözlərinə əsasən, dağlarda qar ehtiyatı yoxdur.
Sel təhlükəsinə gəlincə, direktor müavini əlavə edib ki, bu il selin olub-olmayacağını indidən demək mümkün deyil: “Sel əsasən, yayda olur və bunun üçün təbii şərait olmalıdır. Keçən il yay quraqlıq keçdi. Amma bəxtimiz onda gətirdi ki, sonradan payız yağışlı olmadı. Əgər payız yağışlı olsaydı, çox təhlükəli sürüşmələr olacaqdı. Avqust-sentyabr aylarında yağan yağışlar nəticəsində leysan yarana bilər. Amma keçən il bizim bəxtimiz gətirdi. Mənfi cəhəti də o idi ki, məhsul az oldu. Amma bu il hələlik rütubətli gəlib. Leysanın olub-olmayacağını demək üçün may-iyun ayının keçməsi lazımdır. Bundan sonra məlum olacaq ki, təhlükə var ya yox. Amma nəzərə alaq ki, Azərbaycan dünyada sel təhlükəli zonalardan biridir. Leysanın olması üçün də təbii şərait olmalıdır”.