Mingəçevir, 10 aprel, AZƏRTAC
Mingəçevir şəhərində hündür mərtəbəli yaşayış binalarında yeni liftlər quraşdırılır.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Mingəçevir şəhərində yerləşən hündür mərtəbəli yaşayış binalarındakı liftlərin əksəriyyəti ötən əsrin 70-80-ci illərində quraşdırılıb və dəfələrlə təmir olunmasına baxmayaraq istismar müddətini başa vurduğundan yararsız vəziyyətə düşüb. İlkin mərhələdə şəhərin 28 hündür mərtəbəli yaşayış binasında liftlərin yenisi ilə əvəz edilməsi nəzərdə tutulur. Ötən ildən həmin liftlərin yenilənməsinə başlanılıb. Bu günədək şəhərin 18 binasında “Gilan-Lift” MMC-nin Qəbələ Lift Zavodunda istehsal olunan 32 yeni lift quraşdırılaraq əhalinin istifadəsinə verilib. Yeni liftlər 4 nəfər üçün və ya 320-400 kiloqram çəkisi olan yük üçün nəzərdə tutulub.
Bu sahədə işlər davam etdirilir və ilin sonunadək daha 10 hündür mərtəbəli yaşayış binasında 16 liftin quraşdırılması nəzərdə tutulur.