Bakı, 10 aprel, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin “Stadler Rail” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə AZƏRTAC-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Sonra “Stadler Rail” şirkətlər qrupundan gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə sərnişin daşınmasını həyata keçirmək üçün 30 yeni sərnişin vaqonunun alınması, “Stadler” Gəncə vaqon istehsalı zavodunun tikintisi məsələləri müzakirə olunub.
“Stadler Rail” şirkətlər qrupunun baş direktoru Peter Şpuler “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bilidirib.
Sonda ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Qeyd edək ki, “Stadler Rail” şirkətlər qrupunun baş direktoru Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyətinin (layihənin koordinatoru Tomas Zvifel, MDB üzrə satış direktoru Matias Stöhr) bu görüşü “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni rəhbərliyi ilə tanışlıq məqsədi daşıyıb.
