[ 10 Aprel 2015 13:02 ]
Bakı. Könül Kamilqızı – APA. Bu gün Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması" mövzusunda konfrans keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, təhsil nazirinin müavini Firudin Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, ilahiyyatçı alimlər, təhsil ekspertləri və QHT rəhbərləri iştirak ediblər.
Komitə sədri Mübariz Qurbanlı rəhbərlik etdiyi qurumla Təhsil Nazirliyinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planı haqqında məlumat verib. M.Qurbanlı Heydər Əliyevin siyasətinə uyğun olaraq, prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyətindən söhbət açıb və bu istiqamətdə görülən işləri qeyd edib. Milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruriliyini xatırladan komitə sədri bunun həm dövlətçlik, həm də mənəvi irsimiz baxımından əhəmiyyətindən danışıb.
Firudin Qurbanov Heydər Əliyevin gənclərin milli ruhda, milli-mənəvi dəyərlər əsasında təhsilini və tərbiyəsini vacib hesab etdiyini nəzərə çatdırıb. O, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin tərbiyə funksiyasının da inkişaf etdirilməsinin prioritet istiqamət kimi nəzərdə tutulduğunu xatırladıb, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin uşaq və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.
Tədbirdə ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva və digərləri fikirlərini bildiriblər.