[ 10 Aprel 2015 01:24 ]


Gürcüstan. Nizami Məmmədzadə-APA. İstanbulda Türkiyə və Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sazişin imzalanması mərasimində Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze və Türkiyənin energetika və təbii ehtiyatlar naziri  Taner Yıldız iştirak edib.

 

Məlumata görə, tərəflər energetika sahəsində enerjinin alınması, infrastrukturun inkişafı və enerji satışı planları ilə bağlı birgə layihələr həyata keçirəcəkləri ilə bağlı razılığa gəliblər.

 

Müqaviləyə əsasən, regionda ilk dəfə olaraq 2016-cı ilin sonunadək Gürcüstan-Türkiyə birgə uzunmüddətli enerji ötürülməsi şəbəkəsi planı hazırlanacaq. İmzalanan  ikitərəfli beynəlxalq müqaviləyə enerji ehtiyatlarını təmin edən su elektrik stansiyalarının tikintisi, həmçinin enerji səmərəliliyinin gücləndirilməsi daxildir.

 

Gürcüstan və Türkiyə tərəfinin razılığı ilə operatorlar Avropa İttifaqının təcrübəsindən bəhrələnərək elektrik enerjisinin ötürülməsi sisteminə qoşulmaq üçün Avropa Texniki Standartlarına uyğun layihələr həyata keçirməlidir.  Bu layihələrdə elektrik enerjisinin  ötürülməsi Avropa qanunvericiliyinin normativ tələblərinə cavab verməlidir.