[ 09 Aprel 2015 18:18 ]


Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin sədr müavini Valeh Ələsgərov Slovakiya Milli Şurasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robertin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.

MM-dən APA-ya verilən məlumata görə, görüşdə V. Ələsgərov dünya və region üçün aktual olan təhlükəsizlik məsələlərinə toxunub. O, bir sıra nüfuzlu beynəlxalq təşkilatların  bəzi  ölkələrin ərazi bütövlüyü məsələsi ilə bağlı fəaliyyətsizlik nümayiş etdirdiklərini,  bunun nəticəsi olaraq dünyada münaqişələrin durmadan artdığını vurğulayıb.  Azərbaycanın ən ağrılı problemi  olan Dağlıq  Qarabağ  münaqişəsindəki mövcud  durum barədə  danışan V. Ələsgərov qeyd  edib ki, Avropa ölkələri Azərbaycanla  iqtisadi  sahədə  əməkdaşlığın  dərinləşməsində  maraqlıdır. Azərbaycana enerji resursları sahəsində sərmayə qoyulmasının daha çox maraq kəsb etdiyini deyən parlament  sədrinin müavini Azərbaycanın neft-qaz ixrac edən ölkə kimi nüfuzundan söz açıb. O, TAP, TANAP kimi irihəcmli layihələrin icrasına başlandığını xatırladıb.

 

V. Ələsgərov Azərbaycanın ilk dəfə olaraq Birinci Avropa Oyunlarına ev  sahibliyi  etməsinə  bəzi qurumların qısqanclıqla yanaşdığını deyib,  Slovakiyanın bu oyunlarda fəal iştirak edəcəyinə əmin olduğunu söyləyib.

 

Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robert qonaqpərvərlik  və  səmimi  söhbət  üçün  minnətdarlığını  bildirib. Slovakiyanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu, hər iki ölkənin  parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsinin günün  tələbi olduğunu vurğulayıb. Qonaq bununla Azərbaycana ikinci dəfə səfər etdiyini və aparılan danışıqlardan razı qaldığını, Dağlıq Qarabağ  münaqişəsinin tezliklə  sülh  yolu ilə həllini  tapacağına  ümidvar  olduğunu  bildirib.