Təxminən 60 il öncə heç kimin ağlına da gəlməzdi ki, vaxt gələcək və bu kiçik balıqçı qəsəbəsi dünyanın ən populyar meqapolislərindən birinə çevriləcək. Ötən əsrin 50-ci illərinə qədər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) neft yataqları kəşf olunanadək iqtisadiyyatda əsas sahələr hələ o vaxt tənəzzülə uğrayan balıqçılıq və mirvari hasilatı idi. Amma 1962-ci ildən əmirliklərdən ilk olaraq Əbu-Dabi neft ixrac etməyə başlayanda ölkə və onun iqtisadiyyatı tanınmayacaq dərəcədə dəyişildi.
Birləşmiş Ərəb Əmirliyi yaradıldığı gündən onun prezidenti, Əbu-Dabinin mərhum hakimi şeyx Zahid neft sənayesi potensialını qiymətləndirdi və neft ixracından gələn gəliri səhiyyəyə, təhsilə və milli infrastrukturun inkişafına yatıraraq, bütün əmirliklərin inkişafını təmin etdi. Neft sənayesinin inkişafı xarici işçi qüvvəsinin axınına səbəb oldu, indi onlar ölkə əhalisinin, təqribən, 1/4 hissəsini təşkil edirlər. Biznes və turizmin inkişafı əmirlikdə tikinti bumunun inkişafına səbəb oldu. Milyardlarla dollar bu cür layihələrə yatırılır, belə şəhərlərin simvolu Əbu-Dabi və kosmopolit Dubaydakı kimi möhtəşəm mehmanxanalar və göydələnlərdir. BƏƏ - Fars körfəzi ölkələri içərisində digər mədəniyyət və inanclara qarşı dözüm nümayiş etdirən ən liberal ölkədir. Bununla yanaşı, BƏƏ bu regionda ümumiyyətlə seçkili hakimiyyət orqanı olmayan yeganə dövlətdir.
Dubayı inkişaf tempinə görə dünyada yalnız Şanxayla müqayisə edirlər. Honkonq və Sinqapurdan sonra dünyada 3-cü önəmli reeksport mərkəzidir. Bu gün Dubay dünya miqyasında nəhəng alış-veriş və ticarət mərkəzi kimi diqqət çəkməkdə davam edir. Ənənəvi ərəb bazarlarından tutmuş, son dəb mağazalara qədər hər yerdə qızğın alver gedir.
Göründüyü kimi, Birləşmiş Ərəb Əmirliklərinin, xüsusilə də Dubayın qeyri-neft sektorununun inkişafı sahəsində böyük təcrübəsi danılmazdır.
Son bir neçə il ərzində Bakının da Dubayla müqayisəsini aparanlar çoxdur. Ölkəmizin neft hasilatının əldə etdiyi gəlir Bakı şəhərinin də inkişafından yan ötməyib. İnşa edilən müasir göydələnlər, salınan yollar və körpülərlə yanaşı, yarımsəhra iqlimi də xarici görkəminə görə Bakını Dubaya yaxınlaşdırır.
Azərbaycanın və BƏƏ-nin neft ehtiyatlarını müqayisə edərkən də yaxınlıq görmək mümkündür. 2009-cu ildə təsdiq olunmuş məlumatlara görə, Dubay əmirliyinin neft ehtiyatı 4 milyard barreldir (Ümumilikdə BƏƏ-nin neft ehtiyatları isə 97 milyard barreldir). Azərbaycanın neft ehtiyatlarını BƏƏ-nin ümumi ehtiyatları ilə müqayisə mümkün olmasa da, Dubay əmirliyinin ehtiyatlarından bir qədər çox - 6.5 milyard barreldir.
Ötən ilin sonlarından başlayaraq, dünyada neftin qiymətinin aşağı düşməsi Azərbaycan kimi digər neft hasil edən ölkələrdə də çətinliklər yaranıb. Dünyada baş verən proseslərin fonunda çətinliklər "1001 gecə" əhvalatlarına çevrilir və bu gecənin nə vaxt bitəcəyi bilinmir. Ancaq biz Dubay əmirliyinin illər ərzində əldə etdiyi təcrübəni mənimsəyə bilsək, neftin qiymətindən asılı olmayaraq, "Min bir gecə" deyil, işıqlı gündüzlər barədə danışa biləcəyik.
Sözsüz ki, burada söhbət qeyri-neft sektorunun inkişafından gedir. Ölkəmiz üçün kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir.
Son dövrlər Azəraycanla Dubay arasında əlaqələrin intensviliyi bu sahədə ümidlərin yaranmasına imkan verir. Bəzi eksperlər əmindirlər ki, Dubay modelinin Azərbaycanda tətbiqi ilə bağlı imkanlar genişdir. Bu baxımdan da son dövlər ölkəmizlə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və başqa Yaxın Şərq ölkələri arasında əlaqələrin intensivləşməsi Azərbaycanın qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi məqsədi daşıyır.
Neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi fonunda qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi kifayət qədər aktuallaşıb. İndiki məqamda qeyri-neft sektoruna investisiyaların cəlb edilməsində, təbii ki, ərəb ölkələri kifayət qədər ciddi maliyyə imkanlarına malikdir. Onların mövcud maliyyə imkanları birmənalı şəkildə imkan verir ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün Yaxın Şərq ölkələri ilə əməkdaşlığı gücləndirsin.
Dubay iqtisadi modelini tam olaraq Azərbaycana köçürülməsi mümkün olmasa da, həmin modelin təcrübəsindən istifadə edərək Azərbaycanın öz spesifik modelini yaratmaq olar.
Teymur Hacıyev
Milli.Az