Bakı, 6 aprel, AZƏRTAC
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirilib ki, bu kateqoriyadan olan abituriyentlər ümumi qaydada təsdiqlənmiş “Abituriyent ərizəsi” formasının və müvafiq nailiyyətləri təsdiqləyən sənədlərin surətini (diplom, yarışın protokolu) TQDK-ya və ya Komissiyanın regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər. Sənədlər birinci, ikinci, üçüncü və dördüncü qruplar üzrə aprelin 1-dən 30-dək, beşinci qrup üzrə mayın 5-dən 18-dək qəbul olunacaq.
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaq istəyən abituriyentlər müvafiq qaydada seçmə turdan keçərək Qabiliyyət İmtahanı komissiyalarında qeydiyyata alınmalıdırlar.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~n6ZYm