Qiymətlər yüksəlməkdə, rublun dəyəri isə düşməkdədir və Ukraynanın Krım yarımadasının ilhaq edilməsindən bir il sonra Rusiyada həyat səviyyəsi də aşağı düşür.
Bir çox iqtisadçı sanksiyalar tətbiq edilməsəydi belə, yenə də problemlərin yaranacağını bildirir. Analitiklər isə deyir ki, Rusiya iqtisadiyyatına qarşı Qərb tərəfindən həyata keçirilən cəza tədbirləri istəmədən Kremlə siyasi məqsədlərini gizlətmək imkanı verib.
Krımın ilhaq edilməsindən bir il keçib, Qərb isə Vladimir Putinin döyüş metodunu o qədər də dəyişdirə bilməyib. Rusiya Şərqi Ukraynada hələ də qanlı münaqişəni davam etdirir və ABŞ rəsmilərinin bildirdiyinə görə, bu münaqişədə 6000-dən çox insan həyatını itirib. Putin bu münaqişədə əli olduğunu inkar edir və sözündən dönəcəyə də bənzəmir. Rusiyada iqitsadiyyatın vəziyyəti yaxşı olmasa da, xalqın Putinə rəğbəti olduqca yüksəkdir.
Analitiklər düşünürlər ki, sanksiyaların iqtisadiyyatın vəziyyətinə təsiri olsa da, Rusiyanın iqtisadi zəifliyinin əsas səbəbi iyun ayından bəri neft qiymətlərinin 48 faiz düşməsi olub. Rusiyalıların əksəriyyəti isə bu vəziyyət üçün Ağ Evi günahlandırır. Qərbin Kremlin strategiyalarını zəiflətmək üçün istifadə etdiyi əsas vasitə olan sanksiyalar tənqid hədəfinə çevrilib.
Atəşkəs pozulduğu halda, Ukraynanın silahla təchiz edilməsi ilə bağlı ABŞ-da hər iki partiya prezident Obamaya təzyiq göstərdikcə sanksiyaların təsirli olub-olmaması hamı üçün maraq doğurur. Obama eyni zamanda sanksiyaları artıra da bilər. Konrqesin bəzi üzvləri Rusiyanın beynəlxalq bank-transfer sistemindən çıxarılması ilə bağlı da fikirlər irəli sürüb, Rusiya rəsmiləri isə bunun müharibəyə bərabər olacağını bildiriblər.
Müxtəlif seçimlər Kremli tənqid edənlər arasında fikir ayrılığı salıb və bu tənqidçilər öz xarizmatik liderləri Boris Nemstovu da itiriblər, belə ki, Nemstov ötən ay güllələnərək öldürülüb. Bəzi müxalifət liderləri artan iqtisadi çətinliklərin əvvəl-axır rusiyalıları Putinə qarşı çevirəcəyini bildirirlər. Ancaq hələ ki, sanksiyaların yaratdığı əsas hiddət Amerikaya qarşıdır və bu qəzəb Stalinin dövründən bəri görünməyən səviyyəyə çatır.
“Qərbin tam maliyyə qüvvəsi bizə hücum etməyə yönəlib. Onlar rəqibləri olacaq böyük bir geosiyasi konstruksiyanın əsasların dağıtmaqdadırlar” – Rusiya dövlət televiziyasında tez-tez göstərilən Kreml tərəfdarı ekspert Nikolay Starikov dekabr ayında verdiyi seminarda bildirib.
Qərb ölkələrinin başçıları sanksiyaların hədəfinin sıravi rusiyalıların yox, Kremlin olduğunu dəfələrlə bildiriblər və iqtisadi çətinliyi dəqiqliklə dağıtmağa çalışıblar. Rusiyalıların əksəriyyəti isə Putinə yaxın qurum və şəxsləri hədəf götürən ilk sanksiyaları veclərinə almadılar.
Ancaq iyul ayında Şərqi Ukrayna ərazisində sərnişin təyyarəsinin vurulmasındn sonra Qərb sanksiyaları ciddiləşdirdi, Rusiya da Qərbdən əksər ərzaq məhsullarının idxalına qadağa qoymaqla qarşılıq verdi. Rusiyanın sanksiyalara qarşı gördüyü bu tədbir Avropa fermerlərinə zərər versə də, ən çox rusiyalılara təsir göstərdi, belə ki, ərzaq qiymətləri yüksəldi. Noyabr ayında rublun dəyərinin daha da düşməsi vəziyyəti də pisləşdirdi. Ötən ayın sonunda Rusiyanın ən böyük ərzaq mağazalarında əsas məhsulların qiymətlərinin dondurulması ilə bağlı elanlar asıldı. Ancaq bir çox mallar bir həftə ərzində bahalaşır.
İndi isə Rusiya iqtisadiyyatının bu il 6 faizə qədər kiçilməsi gözlənilir. Bunun əsas səbəbi isə neft qiymətlərinin düşməsidir. Son günlər rubl güclənsə də , 2014-cü ilin əvvəlindən bəri təxminən yarı dəyərini itirib. Bəzi hesablamalara görə, bu ayın sonuna qədər Moskvada yerləşən restoranların təxminən üçdə biri bağlanacaq.
Bütün bunlar sadə xalqa da təsir göstərir. 46 yaşlı Rusiya vətəndaşı Yuliya Lebedava son aylar soyuducusunun tədricən boşaldığını deyib. Qiymətlər qalxsa da, gömrük brokeri kimi çalışan Lebedevanın maaşının üçdə biri kəsilib. O bildirib ki, ən pis şey gələcəkdən qorxudur: “Bu gün mən vəziyyətin mükəmməl olmasa da, pisdə olmadığını deyə bilərəm, ancaq sabah vəziyyət həqiqətən dəhşətli hal ala bilər.”
Moskvada yerləşən qeyri-hökumət təşkilatı “Leveda Center” tərəfindən yanvar ayında keçirilən sorğuya əsasən, Rusiya əhalisinin 91 faizi ən böyük qayğılarının maddiyatla bağlı olduğunu bildirib. Bir çox insan Qərbi günahkar hesab edir.
“Bütün bunların səbəbkarı Qərb və Amerikadır” – deyə “Leveda Center” təşkilatında çalışan analitik Nataliya Zorkaya bildirib. O qeyd edib ki, iqtisadi narahatlıq rusiyalılarının liderlərini siyasi dəyişiklik üçün hərəkətə gətirmələrinə bəs etmir. Dekabr ayında Putin iqtisadi çətinliklərin 25-30 faizinin sanksiyalarla əlaqədar olduğunu bildirmişdi.
Rusiyada ümumi durğunluğun əsas səbəbi sanksiyalar olmasa da, bu sanksiyaların böyük iqtisadi təsiri var. Rusiyanın Qərb ölkələri tərəfindən qoyulan borc məhdudiyyətlərinin zərbə vurduğu ən böyük banklarından bəziləri ölkə daxilində kredit verilməsini məhdudlaşdırıb və yardım üçün hökumətə müraciət ediblər. Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkətinə qarşı da sanksiyalar tətbiq edilmiş və dövlət krediti ilə milyardlar götürmüşdü.
Eyni zamanda ötən il Rusiyadan 150 milyard dollar xaricə çıxıb.
Analitiklər qeyd edirlər ki, sanksiyaların Kremldə siyasi kursun hazırlanmasına göstərdiyi təsirləri dəyərləndirmək çətindir, çünki iqtisadi təzyiqin Ukraynada daha qanlı bir döyüşün qarşısını almağa kömək edib-etmədiyini heç cürə bilmək olmaz. Kremli tənqid edənlərdən Aleksey Navalni bir müsahibədə bildirib ki, sektorlar üzrə qoyulan sanksiyalar Putinin Ukraynaya daha çox daxil olmasının qarşısını alsa da, siyasətdə dəyişikliklər edilməsinə yalnız Rusiya elitasına qarşı daha geniş sanksiyaların tətbiq edilməsi ilə nail olmaq olar. Fevral ayının ortalarında atəşkəs haqqında razılıq əldə edilməsindən bəri Şərqi Ukraynada vəziyyət sakitləşib. Ancaq ABŞ rəsmiləri düşünürlər ki, Rusiyaya məxsus tanklar sərhədi keçməyə davam edir.
Dövlət katibi Con Kerri bu ay bildirib ki, Rusiyanın hazırkı iqtisadi çətinliyinin əsas səbəbi sanksiyalar olub və administrasiya Putinin fəaliyyətindən asılı olaraq sanksiyaları dəyişdirməyə hazırdır.
“Sözsüz ki, sanksiyaların böyük təsiri oldu, lakin prezident Putini öz strategiyasını izləməkdən çəkindirməyə kifayət etmədi. Biz bunu Rusiya xalqına zərər vermək üçün yox, beynəlxalq hüququn normalarına riayət olunması üçün liderlərinin qərarlarına təsir göstərmək üçün edirik” – deyə Kerri qeyd edib.
Rusiyanın açıq şəkildə Ukraynada hələ də fəal olması və əhali arasında Amerikaya qarşı qəzəbin olması ilə bəzi analitik və investorlar sanksiyaların tətbiqinin ağıllı strategiya olub-olmadığını sorğulayırlar.
“Əgər bu döyüşdə mübarizə aparırsınızsa, silahlarınızı götürün və istədiyiniz nəticəni alın. Məncə sanksiyalar bu döyüş üçün düzgün silah deyil” – Moskvada yaşayan və uzun müddətdir Rusiyada fəaliyyət göstərən amerikalı investor Bernard Saçer deyib. O, sanksiyaların yardım üçün Kremlə müraciət edə bilməyəcək kiçik müəssisələrə zərər verəcəyini bildirib.
Hələlik isə Obama administrasiyası nə etməsindən asılı olmayaraq, böyük ehtimalla, Rusiyanın tənqidlərinə məruz qalacaq. Ötən həftə Obamanın Ukraynaya silah göndərilməsi ilə bağlı tərəddüd etməsi ilə əlaqədar çıxan xəbərlərdən sonra Rusiya televiziyasının görkəmli jurnalisti Mixail Leontyev Obamanın qorxaq olduğunu bildirdi: “Cəsarəti olmayan Obama onu Ukraynaya öldürücü silahlar göndərməyə çağıranların yaratdığı təzyiqdən yayınmaq üçün edə biləcəyi hər şeyi edir.”