Səudiyyə Ərəbistanı artıq bombalama əməliyyatına başlayıb, Misir və digər ölkələrin də hərbi qüvvələri tezliklə quruda hərbi müdaxiləyə başlaya bilərlər.
Riyadda hakimiyyətə yaxın olan bir mənbədən alınan məlumata görə, Səudiyyənin hərbi müdaxiləsi Amerikanın əli olmadan həyata keçirilib. Həmin mənbə “The Daily Beast” xəbər portalına bildirib ki, bu hücumu özləri öz təşəbbüsləri ilə ediblər. Səudiyyənin əməliyyatlar mərkəzində ABŞ-ın istifadə edə biləcəyi insanlar olsa da, məlumat verən şəxs qeyd edib ki, 1990 və 1991-ci illərdə baş tutan “Səhra Qalxanı/Səhrada Fırtına” adlı əməliyyatlardan fərqli olaraq bu koalisiya ABŞ-ın rəhbərliyi olmadan bir araya gətirilib və hərəkətə keçib. Səudiyyəlilər bu əməliyyata isə “Həlledici Fırtına” adını veriblər.
Təkcə Körfəz ölkələri yox, İordaniya, Misir, Mərakeş və hətta Sudan da daxil olmaqla, 10 ərəb ölkəsi əməliyyatda iştirak edib. ABŞ-dan sonra NATO-nun ən böyük hərbi qüvvəsi olan üzv dövlət Türkiyə də əməliyyata qoşula bilər.
Ancaq Yaxın Şərqdə başlaya biləcək böyük bir müharibənin başlanğıcında əsas sual odur ki, Vaşinqton daha nə qədər köhnə müttəfiqlərinə qoşulmaqdan imtina edəcək və danışıqlar apardığı Tehranla əlaqələri riskə atacaqmı?
Obama administrasiyasının vəziyyəti ziddiyətlərlə doludur və demək olar ki, müdafiə edilməsi tamamilə mümkünsüzdür. ABŞ bir yandan gizli şəkildə Səudiyyənin Yəmənə hücumu üçün kəşfiyyat dəstəyi verir, digər yandan isə İranın dəstəklədiyi qüvvələrin İraqda qondarma İslam dövlətinə qarşı hücumunu gücləndirmək üçün hərbi hava qüvvələrindən istifadə edir. Ən önəmlisi isə Obama administrasiyası İranın nüvə proqramı ilə bağlı ziddiyətli bir müqavilə haqqında razılıq əldə etməyə çalışır.
Yəməndə İrana qarşı birləşmiş ərəb dövlətləri İsrail kimi dəfələrlə xəbərdarlıq ediblər ki, İran nüvə silahları əldə edə bilərsə, onun regionda üstünlüyü ələ almaq ambisiyasının qarşısını almaq mümkün olmayacaq. Səudiyyə Ərəbistanı və müttəfiqləri isə belə düşünürlər ki, son hadisələr İranın atom bombası olmadan belə hərəkətə keçdiyini sübut edir.
Livan, Suriya, İraq və Yəməndə İranın dəstək göstərdiyi hərbçilər elə irəliləyiblər ki, Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin 2017-ci ildə İranda prezidentliyə namizəd olacağı düşünülür.
Qəribədir ki, elə keçən il prezident Barak Obama ABŞ-ın Əl-Qaidə ilə əlaqəsi olan terror qruplarına qarşı müharibədə Yəmənin istifadə etdiyi strategiyaları izləməli olduğunu düşündüyünü bildirmişdi. Ancaq ABŞ-a məxsus pilotsuz uçuş aparatları, Xüsusi Əməliyyatlar üzrə Qüvvələr və ABŞ tərəfindən hazırlanmış yerli desant dəstələrinnin Ərəbistan yarımadasında Əl-Qaidəyə qarşı müharibəyə elə başları qarışmışdı ki, onlar İranın və dəstəklədiyi şiə husilərin gücünün artdığını görə bilmədilər.
Ötən günlər ərzində ABŞ-ın hərbi qüvvələri tələsik şəkildə Yəməndən çıxarılıb və verilən məlumatlara görə, arxada məxfi sənədlər qoyublar.
Senatın Kəşfiyyat Komitəsinin sədri, “The Daily Beast” portalına müsahibə verən senator Riçard Berr Yəməndə baş verən xaotik hadisələri xüsusi vurğulayaraq baş verənlərlə ABŞ-ın heç bir əlaqəsinin olmadığını bildirib.
Ötən ilin sonundan etibarən Tehranın husi üsyançılarını dəstəkləməsi getdikcə daha açıq şəkildə görünür. Belə ki, üsyançılar yanvar ayında prezident Əbd-Rabbu Mənsur Hadini devirərək paytaxt Səna şəhərində idarəni ələ keçirdilər. Məlumatlara görə, Hadi hal-hazırda Səudiyyə Ərəbistanının paytaxtı Riyad şəhərindədir.
ABŞ-ın dövlət qurumları ilə məsləhətçi kimi çalışmış, “Artis Research” qrupu ilə Yaxın Şərq üzrə analitik işləyən Skot Atran bildirir ki, ABŞ-ın yüksək siyasi dairələrində baş verənlər üçün heç bir hazırlıq olmayıb və şiə-sünni münaqişəsinin daha da böyüdülməsi fikrinə rast gəlməyib. Analitikin sözlərinə görə, Səudiyyəlilər sırf öz varlıqları üçün mübarizə apardıqlarını düşünürlər.
Əslində bu, doğrudur. Əsəd rejiminin ən mühüm müttəfiqi olduğu Suriyada və şiələrin üstünlük təşkil etdiyi mərkəzi hökuməti dəstəklədiyi İraqda möhkəmlənən İran indi də Yəməndə güclənir. Bu ölkələr Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşir, daha önəmlisi isə İran tərəfdarı şiə qüvvələri getdikcə üstünlüyü ələ alır və Səudiyyə Ərəbistanının neftlə zəngin Şərq Əyalətində sabitliyin pozulması təhlükəsi yaranır. Şərq Əyalətinin də əhalisinin əksəriyyəti şiədir. Həftənin dördüncü günü neftin qiyməti kəskin şəkildə qalxıb, bu isə qismən Səudiyyə Ərəbistanında neft istehsalının pozula biləcəyi ilə bağlı narahatlıqla əlaqədardır.
“Səudiyyəlilər hal-hazırda qorxurlar. Onlar İranla bağlı narahatdırlar” – deyə regiondakı dövlətlərlə əlaqəsi olan ABŞ rəsmilərindən biri bildirib və qeyd edib ki, Riyad hava hücumları ilə bağlı ABŞ-a məlumat vermiş olsa da, onlar açıq şəkildə bildiriblər ki, ABŞ-ın hərbi yardım göndərməsini gözləməyiblər.
ABŞ-ın kəşfiyyat birliyinin keçmiş rəhbərlərindən biri isə bildirib ki, ABŞ Yəməndə İrana qarşı döyüşən “komandaya qoşulmalıdır”. O deyib: “Biz gərək uzun müddət əvvəl Hadiyə təkcə Əl-Qaidəyə qarşı yox, ən ciddi təhlükə olan husilərə qarşı da yardım edərdik. Bunu etmiş olsaydıq, bu gün vəziyyət belə olmazdı.”
Səudiyyəlilər həm hərbi əməliyyatları, həm də Hadi hökumətinə dəstəklərini göstərərək vəziyyəti ictimai şəkildə nümayiş etdirirlər. Səudiyyə Ərəbistanının müdafiə naziri və kralın oğlu şahzadə Məhəmməd bin Salman ötən həftə Yəmənlə sərhəd olan regiona səfər edib. 34 yaşlı şəhzadə dünyanın ən gənc müdafiə naziridir və Səudiyyə hökuməti daxilində getdikcə daha çox rəğbət qazanır. Məlumatlara görə, şahzadə cümə axşamı bir gün əvvəl husilərin hücumundan sonra Yəməndən qaçmışprezident Əbd-Rabbu Mansur Hadini Riyadda qəbul edib.
Riyadın hücumu göstərməsində məqsəd təkcə İrana yox, Əl-Qaidənin və qondarma İslam dövlətinin rəhbərlərinə Səudiyyə Ərəbistanının olduqca ciddi olduğunu bildirməkdir. Məhəmməd bin Salmanın dediyi kimi: “Ekstremistlər bilsinlər ki, biz döyüşməyə hazırıq. İslam ekstremizminə qarşı mübarizə ərəb qüvvəsinin özəyidir.”
Riyad ümid edir ki, husilər və İran dəstəkçiləri Yəmənin gələcəyi il bağlı ciddi danışıqlara girməyə məcbur olacaqlar.
Yuxarıda qeyd edilən gizli mənbə bildirib: “Biz ilk növbədə husilərin Ədənə daxil olmalarının qarşısını almağa çalışırıq. Ancaq belə bir çıxılmaz vəziyyətə girdikdən sonra bütün variantlara baxmaq lazımdır. Səudiyyənin hücumu husiləri həqiqətən təəccübləndirdi.”
Ancaq Səudiyyəlilər və onların müttəfiqləri, ola bilsin ki, husilərə qarşı hərbi əməliyyatı uzun müddət davam etdirə bilməsinlər. “Səudiyyənin Yəməndə ekspedisiyalar başlada biləcək sayda hərbi qüvvəsi yoxdur.” – rəsmi mənbə bildirib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın husilərə qarşı hücumu davam etdirə bilmədiyi halda, ABŞ-ın döyüşə qoşulmaqdan başqa çarəsi qalmaya bilər.
İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif İrana məxsus televiziya kanalına Səudiyyə Ərəbistanının hücumunun yalnız daha çox insan itkisinə səbəb ola biləcəyini bildirib: “Xaricdən Yəmənin ərazi bütövlüyünə və əhalisinə qarşı hərbi əməliyyat yalnız daha çox qan tökülməsi və daha çox ölümlə nəticələnəcək.” İran hökumətində mötədil bir qüvvə və nüvə proqramı ilə bağlı gedən danışıqlarda əsas rol oynadığı hesab edilən Məhəmməd Cavad Zərif xarici müdaxilə olmadan Yəməndəki qruplaşmalar arasında “təcili dialoq” keçirilməsinə çağırıb. Ancaq belə görünür ki, bunun üçün çox gecdir.