Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Azərbaycan Universitetində bu ali məktəbin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “I Tələbələrarası Biznes İdarəetmə Bilikləri Olimpiadası” final mərhələsinin iştirakçıları və qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bağlanış mərasimində Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov iştirakçıları və qalibləri təbrik edib, tələbələrin həyatında müsabiqə və olimpiadaların, intellektual yarışların böyük əhəmiyyət daşıdığını söyləyib. Rektor qeyd edib ki, nəticəsindən asılı olmayaraq bu müsabiqələr gəncləri təkamülə aparır, onlarda rəqabətə dözümlülük, həyəcan və stresə müqavimət qabiliyyəti kimi keyfiyyətləri formalaşdırır.
ATGTİ-nin sədri Şahin İsmayilov universitetlərdə tələbə təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətindən danışıb, təşkilat tərəfindən həyata keçirilən bütün tədbirlərin Azərbaycan gəncliyinin inkişafına töhfə verməyə istiqamətləndiyini söyləyib.
Layihənin rəhbəri Cəmil Hüseynov olimpiada və onun mərhələləri barədə məlumat verib.
Azərbaycan Universitetinin ev sahibliyi ilə keçirilən olimpiadanın bağlanış mərasimində qaliblərə diplom və qiymətli hədiyyələr, bütün finalçılara isə sertifikatlar verilib.
Qeyd edək ki, olimpiadaya qatılmaq üçün ümumilikdə 29 ali, üç orta ixtisas təhsili müəssisəsindən 346 tələbə gənc müraciət edib. Birinci mərhələdə ən yüksək nəticə göstərmiş 61 tələbə final mərhələsinə vəsiqə qazanıb. Finalda iştirak edənlər Azərbaycanın 14 müxtəlif ali təhsil müəssisəsinin bakalavriat və magistratura pilləsində təhsil alan tələbələrdir.