Bakı, 4 aprel, AZƏRTAC
Facebook sosial şəbəkəsinin qurucusu Mark Tsukerberq məhkəməyə ondan saxta sənədlər vasitəsi ilə kompaniyanın səhmlərinin yarısını tələb edən Nyu-York ştatının sakini Pol Seqlia ilə elektron yazışmalarını təqdim etməlidir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar Nyu-York şəhərinin hakimi Vernon Broderik tərəfindən qəbul edilib. Qərara əsasən Tsukerberqin Seqlia ilə əməkdaşlıq şərtlərini müzakirə etdiyi elektron məktublar sonuncunun vəkillərinə verilməlidir.
Qeyd edək ki, 2010-cu ildə Pol Seqlia Mark Tsukerberqə qarşı iddia qaldıraraq Facebook sosial şəbəkəsinin yarısını tələb etmişdi. Seqlianın İddiasına görə, 2003-cü ildə Tsukerberqi StreetFax.com saytının qurulması üçün proqramçı qismində dəvət edib və həmin zaman The Facebook adlı internet layihəsində 50 faiz pay müqabilində ona min dollar pul verib.
Seqlia bəyan edib ki, onlar sosial şəbəkədə əməkdaşlığın təfərrüatları dəfələrlə müzakirə aparıblar. Sözlərinin təsdiqi kimi o, guya Tsukerberqlə bağlanmış razılaşma sənədlərini məhkəməyə təqdim edib.
Hazırda kapitalı 230 milyard dollar həcmində qiymətləndirilən Facebook iddiaya cavab olaraq Tsukerberqin həqiqətən də StreetFax.com layihəsi üzərində işlədiyini və min dolları mükafat qismində aldığını bildirib. Kompaniyanın məlumatına görə, bu zaman əməkdaşlar arasında hər hansı bir sosial şəbəkənin qurulması barədə söhbət belə getməyib.
2014-cü ildə Seqlianın iddiası məhkəmə tərəfindən rədd olunduqdan sonra Nyu-York polisi onu fırıldaqçılıqda ittiham edib. Mart ayında isə Pol Seqlia həyat yoldaşı və iki uşağı ilə Nyu-York ştatında yerləşən Baffalo şəhəri ətrafındakı evini tərk edərək naməlum istiqamətə gedib. Qanun keşikçiləri hələ ki, onun izinə düşə bilməyiblər.
Mayın 4-də 41 yaşlı Seqlia barədə Tsukerberqin özünün də şahid qismində iştirak edəcəyi məhkəmə işi başlamalıdır. Əgər Seqlia günahkar bilinsə, onu 40 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.