Bakı, 4 aprel, AZƏRTAC
Amerikanın Kolorado ştatının Denver şəhər məhkəməsi həkim səhvi nəticəsində əlil olan qızın ailəsinə 17,8 milyon dollar həcmində təzminat verilməsi barədə qərar qəbul edib. Bu barədə aprelin 3-də Amerika KİV-ləri məlumat yayıblar.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 2008-ci ildə anadangəlmə ürək qüsuru ilə doğulan Naomi Pressi əməliyyat üçün Denver uşaq xəstəxanasına aparılıb. Cərrahiyyə müdaxiləsindən öncə qızcığaza prostaqlandin preparatının səhv dozada verilməsi nəticəsində Naominin ürəyi dayanıb. Həkimlər körpənin ürəyinin fəaliyyətini 33 dəqiqə ərzində bərpa edə bilmədiklərindən onun beyin fəaliyyəti pozulub. Bununla yanaşı, Naomi bir neçə sağalmayan xəstəliyə də düçar olub. Pressi ailəsinin vəkilinin sözlərinə görə, bu yaxında yeddi yaşı tamam olan qıza o gündən etibarən daimi nəzarət lazımdır.
İşi aparan hakimlər heyəti xəstəxananın hadisə ilə bağlı məsuliyyət daşıdığını və təzminat ödəməli olduğu barədə qərar çıxarıb. Eyni zamanda, tibbi müəssisənin nümayəndələri bu qərarla razı olmadıqlarını və apellyasiya şikayəti verməyi planlaşdırdıqlarını bildiriblər.