İranın nüvə proqramı ilə bağıl Tehranla "Altılıq" ölkələri arasında aparılan danışıqlar çoxdan gözlənilən kompromislə başa çatdı.
Dünya bazarlarında neft ucuzlaşdı və bəzi ekspertlərin dediklərinə görə, ucuzlaşma bundan sonra da davam edəcək. Hətta situasiyanın neft hasil edən ölkələr, o cümlədən Azərbaycan üçün çox pis olduğu da deyilir.
 
Belədirmi və gerçəkdən də, İran bazara "neft seli"ni yönəldəcək?
Əvvəla, sanksiyaların ləğvi ilə bağıl hələlik, sadəcə, ilkin razılaşma var və yekun qərarın nə zaman qəbul ediləcəyi hələ bilinmir. Bundan başqa, İran yaxın gələcəkdə neft hasilatını kəskin şəkildə artırmaq gücünə malik deyil.


 
Tehran bazara çıxardığı nefti baha ucuz sata bilməyəcək, çünki bu, İrana sərf etmir və OPEK də "oyun qaydaları"nun pozulmasına imkan verməyəcək.
İranla bağlı danışıqlar amerikalılar üçün Yaxın və Orta Şərqdəki yeni geosiyasi planların həyata keçirilmək üçün lazımdı, Vaşinqton da istəyinə çatdı.
 
Qoy qorxsunlar
 
Qərbin, daha doğrusu ABŞ-ın təkidi və istəyi ilə onlarla ölkənin İrana qarşı tətbiq etdiyi cəza sanksiyalarının tarixi çox uzun deyil.
BMT-nin Təhlükəsizlik Şurası 2006-cı ildən bəri İrana qarşı 6 qətnamə qəbul edib. Sonuncu, ən sərt qətnamə 2010-cu ilin iyunun 6-da səsə qoyularaq təsdiqlənib. Həmin sənədə görə, İranın bütün xarici ölkələrlə ticari əməliyyatları yasaqlanırdı. Sənəd Tehranın uranın zənginləşdirilməsi, nüvə texnologiyaları və s. işləri ilə bağlı idi.
 
BMT üzvü olan bütün dövlətlərə də İrana istənilən formada silah və hərbi texnika satmaq da yasaqlanıb.
ABŞ və Avropa Birliyi 2012-ci ildə İrandan xam neft idxalını da yasaqlayıb.


 
Fəqət, İran iqtisadiyyatına ən ağır zərbələri ölkənin SWIFT banklararası ödəniş sistemindən çıxarılması, habelə Avropa Birliyi və ABŞ-a xam neftlə qaz satışlarının yasaqlanması vurub. Bu qadağalara görə, sadəcə, 2013-cü ildə İranın ümumdaxili məhsulu 6,5 faiz aşağı düşmüşdü.
Digər tərəfdən, sanksiyalar nəticəsinldə Qərb də itirib. Məsələn, 1995-2012-ci illərdə ABŞ iqtisadiyyatı İranla ticarətdən əldə edə biləcəyi 175 milyard dolları itirib.
Avropa Birliyi ölkələri arasında ən böyük itkilərə Almaniya məruz qalıb: almanların ziyanı 73 milyard dollar təşkil edir.
 
7 dəfə 7
 
İsveçrənin Lozanna şəhərində İranla "Altılıq" (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, Britaniya, Fransa, Çin ilə Almaniya) arasında sanksiyaların tədricən aradan qaldırılması müqabilində İranın nüvə proqramı ilə bağlı işləri dayandırması barədə ilkin razılaşma əldə olunub.
Anlaşmanın tam mətni iyunun 30-dək hazırlanmalı və imzalanmalıdır.
Sənədin ilkin variantı nələri nəzərdə tutur?
 
1. SENTRİFUQALAR. İran uranın zənginləşdirilməsi üçün istifadə etdiyi 19 min sentrifuqanın sayını azaldaraq 6104-ə çatdırmalıdır. Həmin sentrifuqalardan iranlı alimlərə yalnız Natanzdakı nüvə zavodunda İR-1 tipli uranın alınması üçün istifadə etməyə icazə verilir. "Əlavə" sentrifuqalar məhv olunmayacaq: onlardan işlədikcə sıradan çıxacaq aparatların əvəzlənməsi üçün istifadə ediləcək.
 
2. ZƏNGİNLƏŞDİRİLMİŞ URAN. Hazırda İranda təqribən 10 tondan az zənginləşdirilmiş uran var. Bundan sonrakı 15 il ərzində İran bu həcmi 33 dəfə azaldaraq 300 kiloqrama çatdırmalıdır. Eyni zamanda, İran 2030-cu ilədək uranın zənginləşdirilməsi ilə bağlı xüsusi mərkəzlərin inşasından imtina etməlidir.
 
3. NÜVƏ BOMBASI. Hazırda nüvə bombası əldə etmək üçün İran alimlərinin cəmi 2-3 aylıq aktiv fəaliyyətləri yetər. Lakin razılaşmalardan sonra Tehran fikrini dəyişərsə və nüvə bombası əldə etmək istərsə, ən azı 10 il aktiv çalışmalı olacaq.

4. NÜVƏ TƏDQİQATLARI. İrana uranın zənginləşdirilməsi ilə bağlı elmi-tədqiqat işlərini davam etdirməyə icazə verilib. Fəqət, bu işlər MAQATE müfəttişlərinin nəzarəti altında olacaq. Məqsəd İranın razılaşmaları rədd edərək nüvə bombası əldə etmək fikrinə düşəcəyi təqdirdə ən azı bir il aktiv çalışmaq məcburiyyətində qalmasıdır.



5. ƏRAQDAKI REAKTOR. İranlılar Əraq şəhərindəki ağır sulu nüvə reaktorunda dəyişikliklər etməli, nüvə bombası üçün plutoniumun alınmasına imkan verməyən rejimə keçməlidirlər. Reaktorun aktiv zonasının hissələri sökuləcək, ya məhv ediləcək, ya da İrandan çıxarılacaq. Reaktorun işində istifadə olunmuş nüvə yanacağı da İrandan kənara çıxarılacaq.
 
6. FORDODAKI ZAVOD. Fordo şəhərində yerləşən, uranın zənginləşdirilməsi üzrə yeraltı zavod dinc məqsədli nüvə tədqiqatlarının aparılacağı elmi-tədqiqat mərkəzinə çevrilməlidir. MAQATE müfəttişləri bu məxfi obyektə tam və asudə giriş izni alacaqlar.
 
7. SANKSİYALAR. Bütün bunların müqabilində ABŞ və Avropa Birliyi İrana qarşı tətbiq edilmiş sankisiyaları tədricən aradan qaldıracaqlar. MAQATE müfəttişləri razılaşmaların əsas bəndlərinin yerinə yetirilməsini təsdiqləyəndən sonra iqtisadi-maliyyə sanksiyaları ləğv olunacaq.
BMT Təhlüksizlik Şurası tətbiq olunmuuş sanksiyalar isə "Altılığın" şərtlərinin tam əksəriyyəti reallaşandan sonra aradan qaldırılacaq.
 
Bədbin ehtimal: İran dünya bazarına bol neft çıxaracaq
 
İranın nüvə proqramı ilə bağlı Tehran və "Altılıq" arasında ilkin razılaşmanın əldə edilməsi xəbəri yayılandan az sonra dünya bazarında xam neftin qiymətləri daha 5 faiz ucuzlaşdı.
 
Qərb ölkələrinin sanksiyalarına cavab olaraq İran 2012-ci ildə ABŞ və Britaniyaya, 2013-cü ilin əvvəllərində isə Avropa Birliyinə neft satışlarını dayandırmışdı. Sankisylara qədər İran sutkada təqribən 2,5 milyon barel neft satırdı. İndisə İran sutkada 2,85 milyon barel neft çıxarır və "qara qızıl" hasilatının həcminə görə dünyada 4-cü yeri tutsa da, sutkada cəmi 1 milyon barel satır. Həmin neft də Çinə, Hindistana və Asiyanın başqa ölkələrinə gedir.
Sankisyaların ləğvi ilə bağlı razılaşmalar hələlik ilkin mərhələdə olsa da, İranın neft bazarlarına qayıdışı və bununla da "qara qızıl"ın qiymətlərinin daha da ucuzlaşacağını deyənlər az deyil. İranın bazara yeni təkliflərlə çıxaraq alıcılar tapmaq üçün mütləq şəkildə dempinqə əl atacağı, nefti daha ucuz qiymətlə satmağa çalışacağı da vurğulanır.
 
Bu durum büdcə gəlirlərinin əsas hissəsi neft satışlarından əldə edilən gəlirlərə hesablanmış ölkələr, o cümlədən Azərbaycan üçün çox ciddi problemlər yarada bilər.
Sanksiyalara qədər İranın sutkada 2,5 milyon barel neft satdığını xatırlasaq, həmin həcmin bərpası qlobal bazarlar üçün yetərincə çoxdur.

Üstəlik, İran olduqca zəngin təbii qaz yataqlarına da malik olduğundan, Tehranla rəqabəti tək Azərbaycan yox, Qazaxıstan və Türkmənistan da aparmalı olacaq.
TAP və TANAP layihələrinin artıq həyata keçirilməyə başladığını nəzərə alsaq, Azərbaycan neft və qaz boru kəmərlərinin buraxma gücünü artırmaqla yanaşı, onların diversifikasiyası və yeni marşrutlar barədə də düşünmək məcburiyyətində qala bilər.
 
Avropa Birliyi də enerjidaşıyıcıları təminatı baxımından Rusiyadan asılılıqdan qurtula bilər. Nədən ki, sanksiyalar və embarqolara qədər İtaliya, İspaniya və Yunanıstanın neft idxalının 15 faizini İranın "qara qızıl"ı təşkil edirdi.
 
Avropalılara təbii qaz satışlarında da İran Rusiya üçün olduqca ciddi rəqibə çevrilə bilər.
İran həm də Rusiyanın planlarını alt-üst edə bilər. Hazırda amerikalılarla iranlılar arasındakı münasibətlərin gərgin olmasından istifadə edən Moskva Tehranla ticari əməliyyatların illik dövriyyəsini 1 milyard dollara çatdırıb.
 
Halbuki, sankisyalara rəğmən, Tehranla Vaşinqton arasındakı qeyri-rəsmi ticarətin elə indi ildə 5 milyard dollara çatdığını bilsək, yasaqların götürülməsindən sonru bu rəqəmin hansı səviyyəyə qalxacağını təxminləmək çətin deyil.
 
Nikbin ehtimal: hər şey o qədər də riskli deyil
 
İranla "Altılıq" arasında aparılan danışıqlar başa çatandan və ilkin razılaşmanın əldə olunması barədə bəyanat veriləndən sonra dünya bazarlarında xam neft kəskin ucuzlaşdı. Lakin İran neftinin bazarlara sel kimi axacağını, "qara qızıl"ın su qiymətinə düşəcəyini söyləyənlər həddən ziyadə bədbin ssenarilərdən bəhs edirlər.
Doğrudur, neft kotirovkaları aşağı düşdü, amma İrana qarşı tətbiq edilən sanksiyalarla bağlı qərar yalnız 3 aydan sonra verilə bilər. O da bir şərtlə: MAQATE İranın tələblərə tam əməl etdiyini yoxlayaraq təsdiqləyərsə.
 
3 ay böyük müddətdir və qoca Şərqdə deyildiyi kimi, "o vaxtadək ya şah ölər, ya da eşşək gəbərər". Üstəlik, ABŞ-da neft hasilatının həcmi azalmağa başlayıb və amerikalıların şist neftini bazara çıxarmaqla OPEK-ə təzyiq göstərmək, xam nefti ucuzlaşdırmaqla Səudiyyə Ərəbistanını "yerində oturtmaq" cəhdləri hələlik heç bir nəticə verməyib.
 
Neft bazarlarındakı treyderlərin davranışları göstərir ki, onlar 1 barelin qiymətini 54 dollardan aşağı salmaq niyyətində deyillər.
İran amilinin neft qiymətlərinə təsiri həddən artıq şişirdilib.
Nədən ki, İranın nüvə proqramı ilə bağlı ilkin anlaşmanın əldə olunması enerjidaşıyıcılarının qiymətlərinə qısamüddətli, sırf psixoloji təsir edib.
Yəməndə müharibə başlananda da belə olmuşdu.


 
Xam neftin yeni qiymətlərinin formalaşmasında Yaxın Şərqdəki yeni geosiyasi oyunların xüsusi rolu olacaq. Hətta hazırda neft bazarlarına ciddi təsir imkanlarını itirmiş OPEK-in, ümumiyyətlə, ləğv ediləcəyini də istisna etmirik.
İrana qarşı sanksiyaların tətbiqindən sonra Avropa Birliyinin enerjidaşıyıcıları bazarında Rusiya və Səduiyyə Ərəbistanı hakim mövqe tutublar. Ona görə də Tehran neft satışlarını arıtrmaq istəyirsə, bu addımı OPEK mütləq təsdiqləməlidir.
 
İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin həddən artıq pis olması, Yaxın Şərqdə geosiyasi liderlik uğrunda iki ölkənin faktiki düşmənçilik etməsi, Yəməndəki müharibənin də Tehranla Ər-Riyad arasındakı nüfuz mübarizəsinin nəticələrindən, fəsadlarından birinə çevrilməsi sözügedən dövlətlər arasında OPEK-dəki yeni qarşıdurmanı əsla istisna etmir.
 
Yəməndə müharibənin davam etdiyini də unutmasaq, xam neftin kəskin ucuzlaşmağa başlamasından danışmaq hələ tezdir.
Sanksiyalar tamamilə, bütünlüklə ləğv olunsa belə, İran qısa müddətdə neft hasilatını artıraraq bazara böyük həcmdə "qara qızıl" çıxara bilməyəcək.
Dünya neft ehtiyatlarının 10 faizinə malik olan İran sanksiyalara qədər neft satışlarının sutkalıq həcminə görə 2-ci yerdə idi. İndisə ölkə 6-cı yerdədir.
Ölkədə neft hasilatı həm sanksiyalar, həm də investisiyaların olmaması ucbatından azalıb. İranın neft sektoru son 10 ildə çox baxarıqsız idarəetmə və üstəlik, sərmayə qıtlığı səbəbindən ciddi şəkildə geriləyib. Hasilat köhnə yataqlarda, köhnəlmiş texnologiyalarla aparılır. Yeni yataqlarda hasilata başlamaq üçünsə İranın pulu yoxdur.


 
Tehran hasilatın əvvəlki həcmlərini bərpa etmək üçün çoxlu pula və zamana ehtiyac duyur.
İraq da müharibədən sonra neft hasilatının əvvəlki səviyyəsinə qayıtmaq üçün ta 7 il çalışdı.
İranın neft hasilatı və nəqli sekutoruna sərmayələrə gəldikdə isə, dünya bazarlarında "qara qızıl"ın qiymətlərinin indiki səviyyəsi Tehrana milyardarın axışacağı barədə təxminləri absurda döndərir.
 
İranın neft sektorununsa sərmayələrə olan ehtiyacı təqribən 500 milyard dollardır.
Hesablamalar göstərir ki, Tehran ən yaxşı halda yalnız 2016-cı ilin sonlarında neft hasilatı və satışlarını qismən normallaşdıra bilər. Fəqət, ekspertlər bu proqnozu da həddən ziyadə nikbin sayırlar.
 
Bəs Azərbaycan?
 
İrana qarşı sanksiyaların ləğvi nə qədər paradoksal olsa da, Azərbaycanın xeyrinədir.
Doğrudur, sankisyaların olduğu müddətdə Qərb üçün Azərbaycan İranla qonşu ölkə qismində böyük əhəmiyyət kəsb edirdi və indi də belədir. Bəzi ekspertlər sanksiyalar ləğv ediləndən sonra Qərb üçün Bakının geosiyasi əhəmiyyətinin azalacağını da deyirlər.
Belədirmi?
 
Düşünmürük.
"Nabucco" layihəsi bərpa olunur və Avropa Birliyi təbii qaz təminatı məsələsində Rusiyadan asılılıqdan qurtulmaq üçün Azərbaycanın "mavi yanacağını" alacaq. Üstəlik, TAP və TANAP marşrutları vasitəsilə Türkmənistan da təbii qazını Avropaya satmaq istəyir.


 
"Nabucco" kəməri ilə ildə 32 milyard kubmetr təbii qaz nəql etməyin mümkün olduğunu xatırlasaq, Avropa Birliyinin də TAP və TANAP layihələrinə xüsusi önəm verdiyini unutmasaq, İranın bu marşrutlara qatılması, Azərbaycanın da Tehran üçün vasitəçiyə çevrilməsi Bakı üçün sərfəli məqamdır.
İranın neft nazirinin müavini Əli Məcidi də olayların bəhs etdiyimiz məcrada inkişafında Tehranın maraqlı olduğunu vurğulayır.
 
İran hazırda ildə 130 milyard kubmetr təbii qaz hasil edir və bu həcmin hamısı daxili bazarın təminatına sərf olunur. Lakin sanksiyalar ləğv ediləndən sonra İran təbii qaz hasilatının həcmini 2020-ci ilədək 215 milyard kubmetrə çatdıraraq, "mavi yanacaq" ixracatına başlaya bilər.
 
Avropa Birliyinin adekvat davranacağı təqdirdə İran, Azərbaycan və Türkmənistan yaxın onillikdə Avropa bazarlarında Rusiyanın təbii qazını tamamən əvəzləyə bilərlər.

Elçin Alıoğlu
Milli.Az