[ 03 Aprel 2015 16:47 ]



Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında yeni “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, yeni qanun layihəsi barədə məlumat verən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bu qanunun qəbulu ölkə başçısının apardığı uğurlu siyasətin davamıdır, ölkədə kənd təsərrüfatında informasiya-məsləhət xidmətinin tətbiqinə böyük ehtiyac var və sözügedən qanun layihəsi bu məsələni həll edir.

 

Komitə sədri qeyd edib ki, SSRİ dövründə mərkəzləşdirilmiş təsərrüfat sistemi mövcud olub, lakin hazırda kənd təsərrüfatında çalışanlar fərdi sahibkar kimi çıxış edirlər və onların arasında əlaqələr yaradılmalıdır ki, biri-biri ilə məlumat mübadiləsi aparsın, kənd təsərrüfatı sahəsindəki durumdan xəbərdar olsunlar.

 

Üç fəsil və 24 maddədən ibarət yeni qanun layihəsi kənd təsərrüfatı informasiya-məsləhət xidməti ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarə orqanları, digər fiziki və hüquqi şəxslər arasında münasibətləri tənzimləyir. Qanun layihəsində yerli və beynəlxalq investorların da kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşunu tənzimləyən maddələr mövcuddur.

 

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.