Kəpəz TV (Region TV) xəbər verir ki, ötən gecə qərb bölgəsində əsən güclü külək Şəmkir rayonunda bəzi fəsadlara yol açıb. Külək daha çox elektrik təsərrüfatına ziyan vurub, rayonun 11 yaşayış məntəqəsinə elektrik verilişi dayandırılıb. Şəmkir Elektrik Şəbəkəsindən verilən məlumata görə, yalnız Günəşli kəndi istisna olmaqla digər yaşayış məntəqələrində naqillər sıradan çıxıb. Dağ kəndi olan Günəşlidə isə elektrik dirəyi aşıb. Şəbəkədən o da bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində Dəllər-Cırdaxan, Daşbulaq və Posanlı yaşayış massivlərinə elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda Dəllər qəsəbəsi, Abbaslı, Aşağı Seyfəli və Yeniabad kəndlərində enerjinin bərpa olunması istiqamətində iş aparılır. Yaxın saatlarda həmin ərazilər də işıqla təmin olunacaq. Külək Samux rayonunda mərkəz də daxil olmaqla 6 kəndi işıqsız qoyub. Görülən tədbirlər nəticəsində Samux şəhəri Alıuşağı, Zazalı, Qiyaslı və Tatlı kəndlərinə enerji verilişi səhər saatlarında bərpa olnub. Hazırda Sərkar və Hacallı kəndləri işıqsızdır. Rayon Elektrik Şəbəkəsinin kollektivi sözügedən yaşayış məntəqələrində sürətli iş aparır.
Milli.Az