[ 02 Aprel 2015 19:25 ]


Ağstafa. Azər Məmmədli – APA. Ağstafada iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun 465-ci km-də, Ağstafa rayonu ərazisində qeydə alınıb.

 

Rayonun Dağ Kəsəmən kənd sakini, 1938-ci il təvəllüdlü Narkom İbrahim oğlu Namazova məxsus "QAZ-24" markalı avtomobil ilə Ağstafa şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Namiq oğlu Sədiyevə məxsus "Opel" markalı maşın toqquşub. Qəza zamanı "Opel" yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobilin sürücüsü və onun sərnişini, 1991-ci il təvəllüdlü Rüfət Tofiq oğlu İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polis idarəsində araşdırma aparılır.