[ 02 Aprel 2015 16:53 ]



Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun  (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında başçəkmə həyata keçiriblər.

 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

 

Başçəkmədə məqsəd müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub.

 

Başçəkmə zamanı MPQ üzvləri həmin müəssisədə on beş  saxlanılan şəxslə görüşüb, bu şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə əlaqədar vəziyyəti  öyrəniblər.

 

Qəbul edilmiş təqsirləndirilən şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər.

 

Onların qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri  izah  edilib. Onlardan bəzilərinin istintaqın  qeyri-obyektiv aparılması və digər məsələlərlə bağlı Ombudsmana ünvanlanmış müraciətləri araşdırılması və qanun çərçivəsində tədbir görülməsi üçün Baş Prokurorluğa  göndərilib.

 

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.