Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti Aparatının II Xüsusi şöbəsində seminar-məşğələ keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının mülki müdafiə qərargah rəislərinin iştirak etdikləri tədbirdə II Xüsusi şöbənin rəisi Eldar Quliyev Azərbaycanda radiasiya və ətraf mühit problemlərinə həsr olunan seminar-məşğələnin əhəmiyyətindən danışıb.
AMEA-nın Radiasiya Problemləri İnstitutu direktorunun elmi işlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva dünyada radiasiya, radioaktiv şüalanmanın yaratdığı təhlükələrdən, Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsindən, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, eləcə də canlılara təsirindən, radiasiya təhlükəsizliyinin elmi-texniki əsaslarından söhbət açıb. Ölkədə bu istiqamətdə görülən işlər barədə məlumat verən R.Mehdiyeva Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyətinin respublika qanunvericiliyinə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) tələblərinə uyğunlaşdığını toplantı iştirakçılarının nəzərinə çatdırıb. Vurğulanıb ki, ətraf mühitin radioaktiv çirklənmədən mühafizəsi sahəsindəki fəaliyyət “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış “Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə vasitəsilə həyata keçirilir. Məruzəçi, həmçinin beynəlxalq standartlara əsaslanaraq bu istiqamətdə uğurlu siyasət yürüdən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli Sərəncamı ilə nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasının nüvə texnologiyalarının yaradılması və inkişafına töhfə olacağını bildirib.
AMEA-nın Folklor, Coğrafiya və Neft-Kimya Prosesləri institutları qərargah rəislərinin cari ilin martında akademiyanın elmi müəssisə və təşkilatlarda mülki müdafiə məşqlərinin keçirilməsi barədə məlumatları dinlənilib.
Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.