Bakı, 2 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığını, Qətər, Bəhreyn və Küveyti təsiri altına alan qum fırtınası bəzi təyyarə reyslərinin ləğvinə və məktəblərdə dərslərin dayandırılmasına səbəb olub.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Mülki Aviasiya Təşkilatının yaydığı məlumatda ölkənin bəzi bölgələrində qum fırtınasının təyyarələrin hava limanlarına enməsinə və qalxmasına təsir etdiyi qeyd olunur. Məlumatda Krallığın paytaxtı Ər-Riyadda və Əl-Kaysume şəhərindəki hava limanlarında qum fırtınası səbəbindən uçuşların bəzilərinin təxirə salındığı, eniş edəcək bəzi təyyarələrin alternativ aerodromlara istiqamətləndirildiyi və bəzilərinin isə uçuşu həyata keçirdikləri yerlərə geri göndərildiyi bildirilir.
Təhsil idarələri isə Ər-Riyadda və ölkənin şərq bölgələrində məktəblərdə tədrisə ara verildiyi qeyd edib.
Qum fırtınasının səbəbindən Qətərin fərqli bölgələrində də bu gün məktəblər bağlanıb. Bu barədə məlumat Qətər Ali Təhsil İdarəsinin Twitterdəki rəsmi hesabında yer alıb.
Bəhreyndə də qum fırtınası təyyarə səfərlərinə mənfi təsir edib. Küveytin Təhlükəsizlik İnformasiya İdarəsi ölkədə toz dalğası ilə bağlı əhaliyə xəbərdarlıq edib.