[ 02 Aprel 2015 11:47 ]
Bakı. Fərid Mirzəyev - APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanda səfərdə olan Fransa nümayəndə heyəti ilə görüşü keçirilib.
APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə ADU-nun rektoru, millət vəkili Səməd Seyidov açıb.
O, bugünkü görüşü tarixi hadisə adlandırıb: “Biz arzuladığımız əlaqələri əyani şəkildə görməkdəyik. Mən fürsətdən istifadə edib Strasburq Universitetinin rəhbərinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bizim əlaqələrimiz 1998-ci ildən başlayır. Biz bu gün sözün əsl mənasında vahid Avropa təhsil mərkəzini yaratmışıq. Əminəm ki, əlaqələrimiz yeni mərhələyə Azərbaycan-Fransa universitetinin yaradılmasından sonra qədəm qoyacaq. Biz Azərbaycan-Fransa əlaqələrinə öz töhfələrimizi verməyə hazırıq. Əslində bu belə də olub. Azərbaycanda Fransa liseyi yaradılanda bizim müəllimlər orada dərs deməyə başladılar. İqtisadi əlaqələr yaranmağa başlayanda universitetin fransız dili üzrə əməkdaşları bu işdə aktiv iştirak etdilər. Bu gün tarixi gündür. Bizim Fransa universitetləri ilə əlaqələrimiz daha da dərinləşir. Bu gün Azərbaycan inkişaf edir və bunun təməlində dil və onun inkişafı dayanır. İngilis dili müəllimləri məndən inciməsin, Azərbaycanda dillərin tarixi fransız və alman dillərindən başlayır”.
Strasburq Universitetinin prezidenti Monsieur Beretz çıxışında ADU rektoruna öz təşəkkürünü çatdırıb: “Sizin bir neçə əməkdaşınız bizim universitetin məzunlarıdır. Mən burda ancaq Strasburq Universitetindən danışmaq istəmirəm. Çünki bizim nümayəndə heyətinin səfərinin məqsədi başqadır. Düşünürəm ki, sizin universitet Azərbaycan-Fransa əlaqələrinin inkişafına öz töhfəsini verəcək”.
Daha sonra görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Fransa Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Ruen Universitetinin prezidenti, Monpelye, Ot-Alzas, Reyms Şampan Arden və Perpinyan Universitetlərinin Beynəlxalq Əlaqələr Üzrə prorektorları, Luis le Qrand Fondunun direktoru və başqa şəxslər yer alıb.