Moskva, 1 aprel, AZƏRTAC
Rusiyada yuyulub doğranmış kahı istehsal edən “Belaya daça” qrupu bu il Azərbaycanda kahı istehsalına başlayıb. İnterfaks xəbər verir ki, bu barədə jurnalistlərə şirkətin müşahidə şurasının sədri, qrupun yaradıcısı Viktor Semyonov məlumat verib.
Onun sözlərinə görə, istehsal autsorsinq əsasında təşkil olunub. V.Semyonov deyib: “Azərbaycan biznesmenləri Abxaziyada kahı istehsalı imkanını öyrəndiyimizdən xəbər tutan kimi özləri bizimlə əlaqə yaratdılar. Hər şey tez həll olundu, mən gəldim və bir aydan sonra proses işə düşdü”. Kahı 5 hektar ərazidə yetişdirilir. O dediklərinə əlavə edərək bildirib: “Mütəxəssislərimiz texnologiyaları veriblər, oraya gedir və ya internet vasitəsilə əlaqə saxlayırlar. Hələlik əkinlər normaldır. Hər şey dərhal alınmadı, biz məhsulu apreldə gözləyirdik, lakin mayda əldə edəcəyik. Amma bu da yaxşı təcrübədir”.
V.Semyonov qeyd edib ki, Azərbaycanda “kənd işi ilə məşğul olmaq istəyənlərə valyutada illik 3-4 faiz hesabı ilə 25 il müddətinə sanballı kredit ehtiyatları ayrılır”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva