Bu barədə "Report"a Komitədən məlumat verilib.
Ə. Həsənov qeyd edib ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalan və 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan Suriya qaçqınlarının vəziyyətini yaxşı başa düşür: "Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbərinin də konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olması buna sübutdur. AIDA vasitəsi ilə Azərbaycan hökuməti həm Suriya qaçqınlarına, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına öz yardımını davam etdirəcək".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında BMT-nin baş katibinə ətraflı məlumat verən baş nazirin müavini bildirib ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışan ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir: "Ermənistan isə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğaldan azad edilməsi haqqında qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur. Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsinə baxmayaraq, son 10 ildə ölkənin böyük inkişaf yolu keçib. Bu illər ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə endirilib, 1 milyon 300 min yeni iş yeri açılıb. Azərbaycan BMT-nin meyarlarına əsasən sürətlə inkişaf edir. Bizim məqsədimiz isə inkişaf etmiş ölkəyə çevrilməkdir".
Sonda Ə. Həsənov Pan Gi Munu Azərbaycana səfərə dəvət edib.
Dəvətə görə təşəkkürünü bildirən BMT-nin baş katibi Azərbaycana gələn il səfər edə biləcəyini söyləyib. Eyni zamanda, o qeyd edib ki, may ayında Bakıda keçiriləcək beynəlxalq tədbirə xüsusi nümayəndəsini göndərəcək.