Lənkəran, 31 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 31-də Lənkəran şəhərinin mərkəzində əsaslı şəkildə yenidən qurulmuş Azərbaycanlıların soyqırımı abidəsi önündə anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının, icra strukturlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin təmsilçiləri abidənin önünə əklillər və gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə qeyd olunub ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli faktlarından biridir. Erməni daşnakları 3 gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoyub, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirlib, qiymətli tarixi abidələri məhv ediblər. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə və digər bölgələrdə də bu cür faciələr törədilib. 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində azərbaycanlıların yaşadığı 150-yə yaxın kənd xarabalığa çevrilib, 50 mindən çox soydaşımız qətlə yetirilib.
Diqqətə çatdırılıb ki, havadarlarının köməyi ilə ermənilərin 200 ildən artıq bir dövrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı Lənkəran rayonundan da yan ötməyib. 1918-ci ilin mart-aprel aylarında ermənilər Lənkəran qəzasında 40 kəndi yandırıb, 2000-dən çox günahsız insanı qətlə yetirib, Sütəmurdov, Girdəni, Gərmətük, Mamusta, Şıxəkəran, Vilvan, Xolmili, Kərgəlan və Osakucə kəndlərində qırğınlar, kütləvi talanlar törədiblər.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulayaraq, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin başçısının fəaliyyətini yüksək qiymətləndiriblər.
Mərasimdə soyqırımı qurbanlarının ruhuna dualar oxunub.
