[ 30 Mart 2015 23:54 ]



Bakı-APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda martın 29-da keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkədə səfərdə olub.

 

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluqbek Abdusalomovun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Özbəkistan baş nazirinin müavini Qulomjon İbraqimov, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradov, Özbəkistanlı həmkarı və digər rəsmi şəxslərlə görüşləri keçirilib. İki ölkə arasında bütün sahələrdə genişlənən əlaqələrdən məmnunluqla bəhs olunan görüşlər zamanı qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Seçki günü paytaxt Daşkənd və Səmərqənd şəhərlərində yerləşən seçki məntəqələrində seçkiləri izləyən nümayəndə heyətinin Özbəkistana səfəri martın 30-da başa çatıb.