[ 30 Mart 2015 15:20 ]
Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Bakı şəhərində 194 nömrəli tam orta məktəbə mediatur təşkil edib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərinin ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan imkanlarla tanışlığına şərait yaratmaq, kompüter texnologiyasına əsaslanan təlim silahlarını nümayiş etdirmək, məktəblilərin vətənpərvər ruhda təlim-tərbiyə metodlarının təbliğinə dəstək verməkdən ibarətdir.
Ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetin (hərbi kabinetin) müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq, 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.
Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbdə yeni təlim avadanlıqları ilə təmin olunmuş hərbi kabinetə baxıb və gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsində iştirak ediblər. Jurnalistlər şagirdlərin silahları söküb yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və stimulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyiblər.