Bakı, 29 mart, AZƏRTAC
Tunisdə “Bardo” muzeyində turistlərə hücum edən “Okba ibn Nafaa” qruplaşmasının başçısı öldürülüb. Bu barədə Tunisin Baş naziri Həbib əs-Sid məlumat verib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Baş nazirin sözlərinə görə, hərbçilər martın 28-i axşam saatlarında “Okba ibn Nafaa” qruplaşmasının başçısı Lokman abu-Sakr da daxil olmaqla, təşkilatın əsas elementlərini zərərsizləşdiriblər.
Qeyd edək ki, martın 18-də “Bardo” muzeyinə soxulan yaraqlılar burada 100-ə yaxın turisti girov götürmüş, daha sonra isə Tunis parlamentinə hücum etmişdilər. Hadisə zamanı 23 nəfər həlak olmuş, 40 nəfər isə yaralanmışdı.
Polisin məlumatına görə, İŞİD qruplaşmasının öz üzərinə götürdüyü hücuma məhz əlcəzairli Lokman abu-Sakr başçılıq edib.