[ 28 Mart 2015 19:48 ]
Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Venesuelanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amenothep Zambrano Kontrerasın etimadnaməsini qəbul edib.
APA-nın xəbərinə görə, dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. İqtisadi sahədə əməkdaşlığa toxunan prezident bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün investisiya və birgə fəaliyyətlə bağlı müxtəlif layihələrin önəmini vurğulayaraq bu istiqamətdə səfirin uğurlu iş aparacağına ümidvar olduğunu deyib.
Səfir Venesuela prezidenti Nikolas Maduronun beynəlxalq təşkilatlarda Azərbaycanın ölkəsinə verdiyi dəstəklə bağlı minnətdarlığını prezident İlham Əliyevə çatdırıb. Səfir paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. O, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən qeyri-neft sektorunda, mədəniyyət və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın önəmini vurğulayıb.
Prezident həmçinin Monteneqronun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Miliçin etimadnaməsini qəbul edib.
Səfir Monteneqro prezidenti Filip Vuyanoviçin, baş nazir Milo Dukanoviçin və parlamentin sədri Ranko Krivokapiçin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin xüsusilə son bir neçə ildə sürətlə inkişaf edərək yaxşı nəticələr əldə olunduğunu vurğulayıb. Dövlətimizin başçısı münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Prezident İlham Əliyev həmkarı Filip Vuyanoviçin, Milo Dukanoviçin və Ranko Krivokapiçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Monteneqro dövlətinin başçısına, baş nazirinə və parlamentin sədrinə çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Həbəşistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehin etimadnaməsini qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Həbəşistan arasında ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün imkanların araşdırılmasının zəruriliyini qeyd edib.
Səfir Həbəşistan prezidenti Mulati Teşomenin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə son illər dinamik şəkildə inkişaf edən ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, biznes, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı prezident Mulati Teşomenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Həbəşistan dövlətinin başçısına çatdırmağı xahiş edib.