Bakı, 28 mart, AZƏRTAC
Myanmada səfərdə olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev 2006-cı ildə sülh üzrə Nobel mükafatına layiq görülən Banqladeş biznesmeni, “Gramen Bank”ın yaradıcısı və direktoru Məhəmməd Yunusla görüşüb.
BAMF-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Nobel Sülh Mükafatı laureatının Azərbaycana səfər etməsi təklif olunub.
Məhəmməd Yunus isə öz növbəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyətini Banqladeşə dəvət edib.
Xatırladaq ki, Məhəmməd Yunus Nobel Sülh Mükafatına milyonlarla insanı regiondakı münaqişələrin əsas səbəblərindən biri olan yoxsulluqdan xilas etdiyi üçün görülüb. Bir vaxtlar yoxsul və maliyyə təhlükəsizliyi olmayan adamlara kreditin təklifi ağlasığmaz ideya kimi görünürdü. Lakin Məhəmməd Yunus bunu reallığa çevirdi. 30 il qabaq o, mikrokredit layihəsi üzərində işləməyə başladı. Onun bank fəlsəfəsi belə səslənirdi - nə qədər pulun azdırsa, o qədər də prioritetin yüksəkdir. M.Yunusun və onun bankının strategiyası yalnız Banqladeşdə deyil, dünyanın hər yerində milyonlarla adamı yoxsulluqdan qurtarıb.

