Paris, 26 mart, AZƏRTAC.
Martın 24-də Alp dağlarının Fransa ərazisindəki hissəsində qəzaya uğrayan Almaniyanın “Germanwings” aviaşirkətinə məxsus “A320” sərnişin təyyarəsinin qara qutusunun ilk dinləmələri qəzaya tam aydınlıq gətirməsə də, müəyyən nəticələr əldə etməyə imkan verib. Qara qutuda pilotlardan birinin kabinənin qapısını döyməsi, sonra isə küt alətlə sındırması barədə səslər eşidildiyi bildirilib. Pilotlardan hansının və nə səbəbə bayıra çıxdığı araşdırılır.
Pilotlar barədə məlumat verən “Luftansa” hava yolları şirkətinin rəsmisi onlardan birinin 10 ildən artıq təcrübəsi olduğunu, digərinin isə 2013-cü ildən şirkətdə çalışdığını və 630 saatlıq uçuş etdiyini bildirib. Şirkət rəsmisi Marsel prokuroru Bris Robənin açıqlamasından sonra qəzanın səbəbinin aydınlaşdırılacağını bəyan edib.
Xatırladaq ki, qəza zamanı həlak olanların 800-dək yaxını iki xüsusi təyyarə ilə artıq hadisə yerinə gəlməyə başlayıblar. Fransa tərəfi onlar üçün yer ayırıb və hər cür şərait yaradıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris