Bəzi hadisələr dövr üçün əlamətdar xarakter daşıyır. Böyük Britaniyanın Asiya İnfrastruktur İnvestisiya Bankına (Asian Infrastructure Investment Bank) qoşulmaq qərarı belə hadisələrdən biri idi. Bu, Amerika əsrinin sonu, Asiya əsrinin başlanğıcının yaxınlaşdığını xəbər verə bilər.
 
ABŞ hökumətinin “Financial Times” qəzetinə müsahibə verən baş rəsmilərindən biri bu hadisənin əlamətdar olmasına işarə vurub. Onun kəskin sözləri bunu göstərib: “Biz Çinə daima yardım göstərilməsi istiqamətindəki tendensiyaya qarşı ehtiyatlı davranırıq. Bu, yüksələn bir qüvvənin cəlb edilməsi üçün heç də yaxşı yol deyil.” Britaniya qədər ABŞ-a sadiq qalan heç bir müttəfiq olmayıb. Britaniya ABŞ-ı İraq bataqlığına qədər izləyib və bu, sadəcə 12 il bundan əvvəl idi.
 
Bu gün isə həmin müttəfiq tarixin dəyişdiyi qərarını verdi. ABŞ artıq dünya tarixini idarə edə bilməz. Yeni bir güc də yaranıb. Digər əksər orta səviyyəli gücü olan ölkələr kimi Britaniya da potensial itkilərin qarşısını almaq üçün ABŞ-la yanaşı Çinlə də işləməyə qərar verdi. Ancaq bu, eyni zamanda xilas olmaq məsələsidir. Əgər Britaniya yüksələn Çinin maliyyə və iqtisadi maraqlarına xidmət etməsə, XXI əsrdə təcrid oluna bilər. Buna görə də, Britaniyanın Çinlə işləməkdən başqa seçimi yoxdur.
 
Ağ Evin bu cür reaksiya verməsi gözlənilən idi. Təəssüf ki, belə reaksiya verilməsi eyni zamanda ağılsızlıqdır. Çinin AİİB-nin fəaliyyətini başlatması qərarının obyektiv və sakit şəkildə dəyərləndirilməsi bu bankın vaxtının çatdığını göstərə bilərdi. Asiya İnkişaf Bankının hesablamalarına görə, Asiya infrastruktur layihələrinə investisiya qoyulması üçün ən az 8 trilyon dollar xərcləməlidir. Amerikanın hakim olduğu Dünya Bankı və əlaqədar müəssisələr, çox güman ki, bu tələbi yerinə yetirə bilməz. Çinin Asiyada infrastruktur layihələrinə investisiyanı gücləndirmək üçün öz ehtiyatlarından istifadə etmək qərarı Asiyada yaxşı qarşılandı. Rekord müddətdə dünya səviyyəli infrastrukturun hazırlanmasında əldə etdiyi böyük uğuru nəzərə alsaq, Çinin bu sahədə təcrübəsi çoxdur. Asiyanın da elə buna ehtiyacı var.
 
Britaniya AİİB-ə qoşulana qədər ABŞ ölkələrin yeni banka qoşulmaqdan imtina etmələri üçün çalışdığını inkar edirdi. Avstraliya və Cənubi Koreya Vaşinqtondan birbaşa zənglər gəldiyinə görə, AİİB-ə qoşulmaqdan imtina etdi. Artıq Britaniya qoşulduğundan onların da geri çəkilmək üçün heç bir səbəbləri yoxdur. Amerika onların qərarını sakitcə qəbul etməlidir.
 
ABŞ açıq şəkildə yalnız idaretmə standartları yüksək olan bir təşkilatı dəstəkləyə biləcəyinə görə, AİİB-ni dəstəkləməyəcəyini bildirib. Əgər Amerika həqiqətən də standartların yüksək olmasını istəyirsə, Britaniyanın qərarını qəbul etməlidir. Britaniya AİİB-nın korporativ idarəçiliyində vitse-prezident mövqeyi üçün görüşlər keçirə bilər və bunu etməlidir də. Əgər Britaniyanın qanun aliliyi və korporativ idarəetmə üzrə yüksək standartları AİİB-ə tətbiq edilərsə, bank yeni növ beynəlxalq müəsissənin nümunəvi modelini yarada bilər.
 
Təəssüf ki, ABŞ-ın rəhbərlik etdiyi Dünya Bankı AİİB üçün nümunə ola bilməz. Artıq hamı bilir ki, Dünya Bankı Amerikanın xarici siyasəti üçün istifadə etdiyi bir vasitədir. İqtisadçı Cozef Stiqlits Amerikanın Efiopiyaya verilən kreditlərdən gəlir itirən özəl banklarının tələbi ilə Dünya Bankının Efiopiyanı necə cəzalandırdığını sənədlərlə sübut edib. Əgər ABŞ AİİB-nin idarəçiliyində yüksək standartlar olmasını istəyirsə, özü bir nümunə olmalı və Dünya Bankının idarəsindən əl çəkməlidir. ABŞ eyni zamanda yalnız bir amerikalının Dünya Bankını idarə edə biləcəyini təkid etmək əvəzinə əsl meritokratik (bacarıqlara əsaslanan) idarəetməyə imkan verməlidir.
 
Hər şeydən əvvəl ABŞ və Çin arasında daha yaxşı çoxtərəfli müəssisələrin yaradılması uğrunda gedən bu yeni rəqabət dünya üçün sərfəli olacaq. Bu, korporativ idarəetmədə ən üst səviyyəyə çatmaq uğrunda mübarizə olacaq. ABŞ və ya Çinin qalib gəlməsinin isə fərqi yoxdur. Hər iki halda qlobal səviyyəli müəssisələrin idarə edilməsi standartları təkmilləşəcək. Bu müddətdə Asiya əhalisinin vəziyyəti yaxşılaşacaq və Asiya əsrinin başlanğıcı daha tez bir zamanda özünü göstərəcək.