Bu gün Mingəçevir şəhərində baş verən yol qəzasında vəfat edənlərdən biri Azərbaycanın tanınmış jurnalisti Aynur Elgünəşin atasıdır. ANS PRESS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Verilən məlumata görə, Aynur Elgünəşin atası Telman Qəmbərov bu gün səhər saatlarında Mingəçevir avtovağzalı yaxınlığında qəzaya uğrayan 8 saylı xətt üzrə hərəkət edən avtobusda olub.

Qəzada A. Elgünəşin atası ilə yanaşı hələ ki, kimliyi məlum olmayan iki Ağdam rayon sakini də olub. Hadisə zamanı 12 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan birinin qolu amputasiya olunub.

Qeyd edək ki, Mingəçevir avtovağzalı yaxınlığında 8 nömrəli sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən minik maşınına çırpılıb.

Qəza zamanı 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Qəza zamanı avtobusda 25 sərnişin olub. Avtobusun sürücü isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS