İslamabad, 25 mart, AZƏRTAC
İslamabadda Pakistan Gününün 65 illiyinə həsr olunan hərbi parad keçirilib. Bu, yeddi illik fasilədən sonra Pakistan Gününün ildönümünə həsr olunan ilk paraddır.
Paradda bütün növdən olan hərbi qüvvələr iştirak edib. Hərbi təyyarələr, müxtəlif növ tanklar, Pakistan istehsalı olan qanadlı raketlər və digər silah-sursat nümayiş etdirilib. Pakistan Prezidenti Məmnun Hüseyn də paradda iştirak edib.
Pakistan Günü ölkənin ən böyük bayramlarından biridir. Bu bayram 1940-cı il martın 23-dən keçirilir. 1940-cı ildə Laxor şəhərinin Müsəlman Liqası “Pakistan inqilabı” adlı sənəd qəbul edib və müstəqil Pakistanın yaradılması da bu tarixlə hesablanır.
Sonuncu dəfə bu bayram 2008-ci ildə Pakistanın o vaxtkı Prezidenti Pərviz Müşərrəfin vaxtında keçirilib. O vaxtdan sonra ölkədə “Pakistan Günü” təhlükəsizlik məsələlərinə görə keçirilməmişdi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad