Salyan, 25 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün Naxçıvan Muxtar Respublikasında olan maarifləndirici tur-aksiyanın II qrupunun üzvləri - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarından olan şagirdlər səfərlərini başa çatdıraraq martın 24-də öz rayonlarına qayıdıblar.
Tur-aksiyanın Masallıdan olan şagirdlərinin bələdçi-müəllimi Mənizə Yəhyayeva AZƏRTAC-a müsahibəsində deyib: “Şagirdlərimizin səfərlə bağlı təəssüratları olduqca zəngindir. Cənub bölgəsi rayonlarının IX-XI sinif şagirdləri Naxçıvanın qədim tarixi və mədəniyyət abidələri, Tarix-Diyarşünaslıq muzeyləri, görkəmli sənətkarların ev muzeyləri, ziyarətgah və digər görməli yerləri ilə yaxından tanış oldular. Bu yerlərlə tanışlıq şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda böyüməsinə təsir göstərəcək, onların mənəvi inkişafında müsbət rol oynayacaq. Gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması ölkəmizin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır. Məktəblilər üçün belə bir imkan yaratdığına görə aksiyada iştirak edən şagird və müəllimlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Astara, Lənkəran, Biləsuvar məktəbliləri – Elşən Afətzadə, Mirzəhra Əhmədova, Səfər Əlizadə bildiriblər ki, Naxçıvan Muxtar Respublikasında olmaq onların çoxdankı arzuları idi. Onlar bu qədim diyarın əsrarəngiz gözəllikləri barədə kitablardan və sənədli filmlərdən məlumatlı olduqlarını, tur-aksiya zamanı isə oxuduqlarını əyani şəkildə gördüklərini qeyd ediblər.