Naxçıvan, 24 mart, Rauf Əliyev, AZƏRTAC
Martın 24-də Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində muxtar respublikada səfərdə olan məktəblilərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından tur-aksiya iştirakçılarını salamlayıb.
Muxtar respublikanın təhsil naziri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası məktəblilərin respublikamızın bölgələrini tanıması, oranın tarixi-mədəni abidələri ilə yaxından tanış olması baxımından böyük əhəmiyyətə malikdir. Bu mənada tur-aksiya gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün formalaşmasına da öz töhfəsini verəcək.
“Ölkəmizin müxtəlif bölgələrindən olan məktəblilərin muxtar respublikaya səfəri onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdı”, – deyən Piri Nağıyev qeyd edib ki, bu gün muxtar respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilir. Hazırda muxtar respublikada olan 215 ümumtəhsil məktəbində 44 min şagird təhsil alır. Naxçıvanın ümumtəhsil məktəblərində 3700-dək kompyuter dəsti və 600-dək elektron lövhə quraşdırılıb. Təhsil müəssisələrindəki kompyuterlərin hamısının internetə çıxışı təmin edilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov bildirib ki, bu gün muxtar respublikada dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Bunun nəticəsində gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha da fəal iştirak edir, gənc istedadlara dövlət qayğısı artırılır. Bu gün gənclər milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır və böyük nailiyyətlər əldə edirlər.
Mirməcid Seyidov vurğulayıb ki, gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünya görüşünün formalaşması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları digər obyektlər tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib.
Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim edilib.
Martın 24-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar.
Həmin gün Azərbaycanın bir sıra rayonlarında ekskursiyalarda olan 160 naxçıvanlı şagird Naxçıvana geri dönüblər.