ABŞ-ın Minnesota ştatında oğrular öz ehtiyatsızlıqlarının qurbanı olublar. Onlar elə oğurluq edən müddətdə polisə öz yerlərini bildiriblər.

ANS PRESS-in məlumatına görə, martın 19-da səhər saatlarında 3 nəfər oğurluq etmək məqsədilə evə soxulublar. Elə həmin vaxt onlardan biri cibindəki telefonla özü də bilmədən 911 xidmətinə zəng edib. Zəng uzun müddət - 34 dəqiqə davam etdiyinə görə polis oğurluq baş verən yeri də asanlıqla müəyyən edə bilib.

Zəngi qəbul edən 911 dispetçeri oğruların söhbətini açıq-aşkar eşidib və səsi gələn adamların oğurluq etdiklərini anlayıb. Onun dediyinə görə, oğruların sonuncu sözləri "Mənə elə gəlir ki, bu, polisdir" olub. Bundan sonra tappıltı səsi eşidilib. Oğrular qaçmadan hadisə yerinə gələn polislər 29 yaşlı Kayl Skot Ceyms və 38 yaşlı Ceremi Ceymsi həbs ediblər. Onları həyətdə gözləyən 29 yaşlı Cesika Cun Fridrix da tutulub.

Mənbə
ANS PRESS