Naxçıvan, 22 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn şagirdlər ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar.
Məlumat verilib ki, muzeyin fondunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən 4500-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
Naxçıvan Dövlət Xalça Muzeyində isə şagirdlərə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncam xalçaçılıq sənətinin qorunmasına və inkişafına hərtərəfli şərait yaradıb. Həmçinin muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3246 eksponat var. Burada Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində müəyyən tədbirlər görülür.
Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar.
Tur-aksiya martın 24-dək davam edəcək.