Tərtər, 22 mart, AZƏRTAC
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibəti ilə silsilə bayram tədbirləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, N saylı hərbi hissədə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov çıxış edərək ön cəbhədə xidmət edən zabit və əsgər heyətini Novruz bayramı münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.
Hərbi hissənin komandiri xalqımızın əziz bayramı olan Novruzu onlarla bir yerdə qeyd etdiklərinə görə Tərtər rayon ictimaiyyətinə təşəkkür edib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda böyük ruh yüksəkliyi yaratdığını bildirib.
Tədbirdə rayon mədəniyyət evinin “Tərtər” xalq kollektivi rəngarəng konsert proqramları ilə çıxış edib.
Sonda hərbi hissəyə bayram sovqatı verilib.
