"Ənsar Allah" təşkilatının (husilər) döyüşçüləri Yəmənin üçüncü böyük şəhəri olan Taizi ələ keçiriblər. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Sky News Arabia telekanalı hakimiyyətdəki mənbəyə istinadən xəbər verir.
Üsyançılar öncə şəhərin areportunu tutublar. Ərəbyönlü KİV-lər məlumat verirlər ki, Yəmən paytaxtı Sənadan 255 km cənubda yerləşən Taiz husilərin Ədən şəhərinə hücumu üçün əla platsdarmdır. 600 min əhalisi olan Ədəndə hazırda ölkənin qaçmış prezidenti Əbd Rəbbu Mansur Hadi gizlənir.
Husilərin başlatdıqları hökumət əleyhinə etiraz aksiyaları 2014-cü ilin avqustundan bəri ölkəni çalxalayır. Bir ay sonra bu aksiyalar təhlükəsizlik xidmətləri ilə toqquşmaya çevrildi. Şiə üsyançılar prezident sarayını, yanvarın sonunda isə hakimiyyəti ələ keçirdilər. Bundan sonra prezident Hadi ölkə parlamentinə istefa barədə xahiş göndərdi. Ancaq bir müddət sonra Sənadakı ev dustaqlığından qaçaraq doğma Ədən şəhərinə sığındı və istefa barədə ərizəsini geri çağırdı.
Yəmənin cənubunu "Əl-Qaidənin Ərəbistan yarımadası" qolu nəzarətdə saxlayıb, mərkəzində isə prezidentə sadiq ordu ilə husilər arasında toqquşmalar baş verir.
Milli.Az