Füzuli, 21 mart, AZƏRTAC
Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri Novruz bayramını ərazidəki “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə birgə keçiriblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, onlarla söhbətlər aparıb, bayram sovqatları çatdırıblar.
Şəxsi heyət ilə keçirilən görüşdə çıxış edənlər Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Bildirilib ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizama malik, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşıb. Əminliklə demək olar ki, qələbə günü uzaqda deyildir. Ermənistan ordusunun işğalı altında olan torpaqlarımız tezliklə azad ediləcək və doğma Qarabağımızda yenidən Novruz tonqalları avovlanacaqdır.
Hərbçilər bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən əsgərlərdə ruh yüksəkliy yaranmasında böyük rol oynadığını vurğulayıb, Füzuli rayonunun ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.