Moskva, 20 mart, AZƏRTAC
Moskvadakı 2095 saylı məktəbdə Azərbaycana həsr olunmuş “Dostluq dərsi” keçirilib. Tədbir “Dostluq dərsi” layihəsi çərçivəsində Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu (MİİF), və Moskva Millətlər Evi tərəfindən təşkil olunub.
Məktəbin coğrafiya müəllimi Eleonora Ledenyova, Millətlər Evinin təmsilçisi Salomey Ablotiya, MİİF-in sədri Şamil Tağıyev görüşdə çıxış edərək uşaqlara Azərbaycanın qədim mədəniyyəti və tarixi barədə məlumat veriblər.
Tədbirdə nümayiş etdirilən video-çarxda, həmçinin Novruz bayramı adət-ənənələrindən söhbət açılıb.
Dərsdən sonra məktəblilər Azərbaycana həsr edilmiş sərgi ilə tanış olub, Novruz şirniyyatından dadıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

