Lerik, 20 mart, Bağır Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının ümutəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri Lənkəran, Astara və Lerik rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə böyük maraqla tanış oldular.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində martın 19-da Lerik rayonunda olan, Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbinin XI sinif şagirdi Sadiq Vəliyev AZƏRTAC-a müsahibəsində bildirib.
S. Vəliyev deyib: “Cənub bölgəsinin təbiəti, tarix və mədəniyyət abidələri bizdə zəngin təəssürat yaradıb. Lerikdə doğulub boya başa çatan, planetimizin ən qocaman sakini, dağlar qoynunda 168 il ömür sürmüş Şirəli Müslümovun şəklini ilk dəfə Lerik şəhərindəki “Uzunömürlülər muzeyi”ndə gördüm. Dağlar qoynunda, meşəliklər arasında salınmış “Relax” turizm və istirahət mərkəzi isə dünyanın tanınmış turizm mərkəzlərindən heç də fərlənmir. Burada turistlərin mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb. Bütün bunlar məni çox sevindirir. Bizə bu sevinci bəxş edən dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.