Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da Türkiyənin Ankara Universitetinin Ölçmə və Dəyərləndirmə Mərkəzinin müdiri Ömər Kutlu və Təhsil Proqramları Mərkəzinin müdiri Cem Babadoğan Azərbaycan Dillər Universitetində (ADU) olublar.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə bu ali məktəbin elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov qonaqlara universitetdə fəaliyyət göstərən müxtəlif mərkəzlər barədə məlumat verib. ADU-nun beynəlxalq əlaqələrindən danışan D.Yunusov bildirib ki, universitet bir çox ali məktəblərlə, o cümlədən Ankara Universiteti ilə əməkdaşlıq edir. Universitetin beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini qeyd edən prorektor müəllim-tələbə mübadiləsinin vacibliyini vurğulayıb.
ADU ilə tanışlıqdan məmnunluğunu bildirən Ö.Kutlu görüşün iki ölkə universitetləri arasında əlaqələrin genişləndirilməsinə kömək edəcəyini söyləyib. Qonaq Türkiyənin müxtəlif ali təhsil müəssisələrində təhsillərini davam etdirmək arzusunda olan azərbaycanlı tələbələr üçün keçiriləcək YÖS (Yabancı uyruklu Öğrənci Sınavı) imtahanları barədə ətraflı məlumat verib.
ADU-nun prorektorları Vazeh Əsgərov və professor Ələddin Əliyev universitetin fəaliyyətindən, Ankara Universiteti ilə qurulan əlaqələrdən söz açıblar.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparılıb.
Sonra ADU-nun tədris binasında imtahan üçün ayrılan otaqlara baxış keçirilib.
