Naxçıvan, 19 mart, Rauf Əliyev, AZƏRTAC
Martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları kompleksə böyük maraq göstəriblər.
AZƏRTAC xəbər verir ki, burada muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında məktəblilərə ətraflı məlumat verilib.
Bildirildi ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlardır. Naxçıvanın 5 minillik şəhər mədəniyyəti şagirdlərdə böyük maraq doğurub. Kompleksin yanında yerləşən Nuh peyğəmbərin türbəsi də dahilər yurdunun qədim tarixindən xəbər verir.
Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də məktəblilərdə dərin təəssürat yaradıb. Burada diqqətə çatdırılıb ki, ekspozisiyalar, əsasən, qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və naqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.
Tur-aksiya iştirakçıları Naxçıvan şəhərindəki Hüseyn Cavid Məqbərəsini ziyarət etdikdən sonra Dövlət Bayrağı Meydanı və Muzeyinə gəldilər. Naxçıvan şəhərinin ən yüksək məkanında yerləşən möhtəşəm meydan və muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı Sərəncama əsasən yaradılıb və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Muzeydə həmin illərdə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilib.
Bildirildi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2014-cü il noyabrın 17-də imzaladığı Sərəncam ilə hər il noyabrın 17-si “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir.
Ziyarətçilərə ekspozisiyadakı qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilib.
Sonra məktəblilər Duzdağ Fizioterapiya Mərkəzinə gəliblər. Qeyd edilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub. Duzdağ Fizioterapiya Mərkəzinin müalicəvi təsiri, digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar.
Martın 19-u axşam tur-aksiya iştirakçıları “Duzdağ” otelində Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifasında konsertə baxıblar.
Naxçıvan Muxtar Respublikasında “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya martın 24-dək davam edəcək.