Cəlilabad, 19 mart, AZƏRTAC 
Martın 19-da Cəlilabad rayonundakı “Tut bağı” istirahət mərkəzində Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, təbiətin oyanışını bildirən və Baharın simvolu olan səməni və digər Novruz atributları ilə bayramsayağı bəzədilən meydanda sərgilənən qədim el sənəti nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Bayram mərasimində corab toxuyan, yun darayan, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənəti nümunələrini bir daha yada salıblar.
Bahar qızının meydana daxil olması, Kosa və Keçəlin duzlu və məzəli söhbətləri, Dədə Qorqudun müdrik kəlamları, pəhləvanların məharətlərini göstərməsi və gənc idmançıların çıxışları şənliyi daha da rövnəqləndirib.
Meydanda quraşdırılmış tonqallar qalandıqdan sonra milli musiqimizin sədaları altında xalq mahnıları ifa olunub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon sakinlərini Novruz bayramı münasibəti təbrik edib.
Hər bir ailəyə ruzi, bərəkət, sevinc arzulayan Ə. Əzizov, rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını bir daha yada salıb.
Milli paltar geyinmiş qızlar və oğlanlar meydanın mərkəzində şölələnən tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.
Tədbir iştirakçıları, həmçinin, parkda el sənəti nümunələrindən ibarət sərgi, gənc rəssamların əl işləri ilə tanış olub, Novruz şirniyyatlarını dadıblar.
Rayon sakinləri ölkəmizdə yaradılan əmin-amanlığa, firavan və xoş günlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək respublikanın inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə dövlətimizin başçısına uğurlar arzulayıblar.