Göyçay, 19 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Xalqımızın əziz bayramı olan Novruz Göyçayda ümumrayon el şənliyi ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev parkında minlərlə rayon sakininin iştirakı ilə keçirilən bayram tədbirində təbriklər səsləndirilib.
Çıxış edənlər xalqımızı Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər. Bu bayramın respublikamızın hər bir guşəsində olduğu kimi, Göyçayda da böyük ruh yüksəkliyi ilə qeyd olunduğu bildirilib.
Bayram tədbirində tonqal qalanıb, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin sərgisi nümayiş etdirilib.
Rayonun istehsal müəssisələri öz məhsullarını sərgiləyib, idarə və təşkilatlar, kənd icra nümayəndəlikləri və bələdiyyələrin təşkilatçılığı ilə rəngarəng Novruz süfrələri açılıb.
Sonra meydana milli paltarda daxil olan atlılar məharətlərini göstəriblər. Gənc idmançıların çıxışları maraqla qarşılanıb. Bayramsayağı bəzədilmiş meydanda rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edib, Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.






