Ötən gün axşam saatlarında Bakıya yeni gətirilən sərnişin avtobusunda əlilə qarşı hörmətsizlik edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Facebook sosial şəbəkəsində “Sancaq” qrupundan bildirilib. Qrupda paylaşan videoda göstərilir ki, 65 nömrəli marşrut üzrə hərəkət edən 10 TH 319 dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən Eynulla Həşimov fiziki məhdudiyyətli şəxsi gördükdən sonra avtobusu dayandırmayıb. Sürücü əlil sərnişini maşına mindirməkdən imtina edib.

Məsələ ilə əlaqədar avtobusun tabe olduğu “Xaliq Faiqoğlu” MMC şirkətilə əlaqə saxladıq. Şirkətin istismar rəisi İbrahim Quliyev ANS PRESS-ə bildirdi ki, bu barədə məlumatlıdır. Artıq həmin sürücü cəzalandırılıb. Lakin şirkətin rəhəbri Xaliq müəllim işdə olmadığı üçün sürücünün işdən qovulmayıb.

“Əslində həmin gün çəkiliş olub. Bu qurama bir işdir. Kimlərsə şirkətin adına ləkə salmaq istəyirlər. Biz bütün sürücülərə tapşırmışıq ki, sərnişinlərlə kobud rəftar etməsinlər. Şirkət rəhbəri gələndən sonra həmin sürücünün işdə qalıb-qalmayacağı məlum olacaq. Lakin bu gün onu xəttə buraxmamışıq”, - deyə İbrahim Quliyev bildirib.

Əgər nəzərə alsaq ki, yeni gətirilən avtobuslarda əlillər üçün istifadə imkanı var, belə hallar təkrarlana bilər. Maraqlıdır, görəsən avtobus sürücüsünün vəzifə borcudurmu əlil sərnişinə xidmət göstərsin?

Bu məsələyə aydınlıq gətirmək üçün Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətilə əlaqə saxladıq. Qurumun sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri Elçin Nəsirov ANS PRESS-ə açıqlamasında bildirib ki, əsində avtobus sürücüsünün vəzifə borcu deyil ki, əlil sərnişinə xidmət göstərsin.

“Hələlik əlillərə kimin xidmət göstərməsi məsələsi dəqiqləşdirilməyib. Ola bilsin ki, təzə avtobuslarda sürücünün yanında konduktor olsun. Konduktor belə məsələlərdə sürücüyə kömək etsin. Əks təqdirdə, sürücü fiziki baxımdan bunu çatdıra bilməz. Çünki həm qrafik üzrə gecikməmək, həm sərnişinlərə əlavə xidmət göstərmək sürücünü yorar”, - deyə Elçin Nəsirov bildirib.

Qurum rəsmisi qeyd edib ki, əslində videoda səsləndirildiyi kimi yeni avtobuslar dövlət büdcəsi hesabına deyil, sahibkarın hesabına aınıb. Yəni videoda olduğu kimi sürücülərlə belə kobud rəftar etmək də düzgün deyil. Lakin sürücülər də bacardıqları qədər sərnişinlərə hörmətlə yanaşmalıdırlar.

ANS PRESS həmin hadisənin görüntülərini təqdim edir:

Mənbə
ANS PRESS